
Ukraynada hərbi hissələrdən pilotsuz uçuş aparatlarını oğurlayaraq markasını dəyişdirən və hərbçilərə yeni texnika adı ilə satan şəbəkə ifşa edilib.
Bizim.Media xəbər verir ki, Ukraynanın baş prokurorunun səlahiyyətlərini icra edən Anton Kovalskinin məlumatına görə, iş üzrə 16 nəfər şübhəli bilinir. Axtarışlar zamanı 600-dən çox dron, 13 milyon qrivna, 400 min dollar, qızıl, gümüş, zinət əşyaları və 15 avtomobil müsadirə olunub.
İstintaqın məlumatına görə, sxemi keçmiş hərbçi təşkil edib. Oğurlanan dronlar Dnepropetrovsk vilayətindəki emalatxanada hazırlanaraq zavod nömrələri, markalanmaları və QR-kodları dəyişdirildikdən sonra yenidən hərbçilərə satılıb.
Hüquq-mühafizə orqanları doqquz vilayətdə və Kiyevdə 100-dən çox axtarış aparıb, 25 epizod müəyyən edib. Şübhəlilərin hamısı barəsində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə həbs qətimkan tədbiri seçilib.