
Sosial şəbəkələrdə türk seriallarında və yerli layihələrdə çəkilmək vədi ilə vətəndaşları cəlb edən "Devin Mediya" şirkəti ətrafında böyük qalmaqal yaranıb.
Məsələ ilə bağlı Bizim.Media-ya müraciət edən şikayətçilər müxtəlif üsullarla aldadıldıqlarını, külli miqdarda maddi ziyana uğradıqlarını bildiriblər.
Valideynlərin və şikayətçilərin iddiaları
Şikayətçi Cəmilə Zeynalova bildirib ki, sosial şəbəkələrdə akademiyanın türk seriallarında çəkmək vəd edən və ödənişsiz qeydiyyat reklamlarını gördükdən sonra şirkətə müraciət edib:
"Müqavilə bağlandıqdan sonra ailəmiz tərəfindən şirkətə 2000 manat ödəniş edildi və 1 il ərzində uşağın kinoya çəkiləcəyi vəd olundu. Lakin verilən vədlər yerinə yetirilmədi. Bundan əlavə, övladımın davranışlarında və danışıq tərzində yaşına uyğun olmayan, mənfi ifadələrin yarandığını müşahidə edib çox narahatlıq keçirdik. Buna görə də uşağın kursla əlaqəsini dərhal kəsdim. Kursdan imtina edib müqaviləni ləğv etmək istədikdə isə rəhbərlik tərəfindən bizdən əlavə 500 manat ödəniş tələb olundu. Qrupda bu problemlə üzləşən 50-yə yaxın narazı valideyn var”.
Digər şikayətçi Vahid Muradovun sözlərinə görə isə İnstaqram vasitəsilə əvvəlcə şəkillərinin səhifədə paylaşılacağı vəi ilə ondan 20 AZN, müqavilə imzalandıqdan sonra isə hər ay üçün 250 AZN (təlim haqqı) istənilib:
“Mənə hər çəkilişə görə 100-400 manat arası qonorar alacağım, həmçinin məşhur türk serialları "Quruluş Osman" və "Eşref Tek"ə çəkiləcəyim barədə vədlər vermişdilər. Zaman keçdikcə yayılan şikayətlərin həqiqət olduğunu gördüm və quruma ümumilikdə 1000 AZN ödədim. Ödəniş çeklərini də saxlamışam. Haqqımı tələb etmək üçün rəhbər şəxs Atilla bəylə əlaqə saxlayarkən, əvvəlki dövrlərdə inamla yazdığım mesajları əleyhimə istifadə etməyə çalışdılar.” deyə şikayətçi bildirib.
“Müqavilədə 20 AZN yazılmışdı, 800 manat tələb etdilər”
Şirkətin əməkdaşları tərəfindən müxtəlif üsullarla aldadıldığını və maddi ziyana uğradıldığını bildirən Günel xanım isə qeyd edib ki, müqavilədə 20 AZN qeyd olunsa da, ondan əvvəlcə 800 manat pul tələb ediblər:
“Bu qədər vəsaitimin olmadığını bildirdikdən sonra "Devin Mediya"nın əməkdaşı Şəlalə xanım telefonumdan "Kapital Bank" vasitəsilə adıma 800 manat kredit çəkmək istədi, lakin bu alınmadı. Daha sonra üzərimdə olan 120 manat pul müqaviləni bağlamaq üçün məndən alındı. Bir müddət sonra isə mənim bu sahəyə uyğun gəlmədiyimi bildirərək məni tədrisdən uzaqlaşdırdılar. Heç bir təlimə qatılmadığım halda, ödədiyim vəsaiti uzun müddətdir geri ala bilmirəm.
Müqavilədə məbləğ 20 AZN göstərilsə də, kart və nağd şəkildə ümumilikdə 700 manatdan artıq ödəniş etdiyini bildirən Vətən müharibəsi qazi Əfsaləddin bəy isə bildirir ki, səhhəti ilə əlaqədar müayinələrə ehtiyac yarandığı üçün kursu dayandırmalı olub:
“Ödənişimi geri tələb etdikdə "Devin Mediya" tərəfindən polislə hədə-qorxuya məruz qaldım. Bütün sübutlar və səs yazıları telefonumdadır, qarşı tərəfin "700 AZN tam olaraq ona qaytarılıb" iddiaları isə tamamilə yalandır”.
Qurumun Instagram səhifəsindəki elan ("yaş fərqindən asılı olmayaraq bacarıqlı olanların qəbul edilməsi") əsasında müraciət edən şikayətçi Seymur bəy ofisdə aktyorluq dərslərinə dəvət edilib və ona seriala çəkiləcəyi, üstəlik dərslərin sonunda sertifikat veriləcəyi vəd olunub.
“Quruma ilkin olaraq 20 manat media xərci, birinci ayın hazırlığı və dərsləri üçün isə 250 manat ödəniş etdim. Ayda 4 dəfə (həftədə 1 dəfə) olmaqla cəmi 1 ay dərslərə qatıldım. Dərslərin vəd olunan səviyyədə olmadığını, aktyorluqla heç bir əlaqəsinin olmadığını görüb kursu dayandırdım.
Bu zaman şirkət tərəfindən məndən getmədiyim dərslərin də pulu tələb olundu. Şirkətin rəsmisi Atilla bəylə dəfələrlə görüşməyə çalışsam da, müxtəlif bəhanələrlə görüşlərdən yayındılar. Məsələnin həlli üçün Xətai rayon polisinə və vəkilə müraciət etdim”.
“Bizə qarşı kampaniya başladılıb”
Məsələ ilə əlaqədar "Devin Mediya"nın direktoru Atilla bəylə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında səsləndirilən ittihamları qəti şəkildə rədd edib:
“Yayılan bütün neqativ məlumatlar və şikayətlər qurumumuzun keçmiş hüquqşünas Xəyal Məmmədov tərəfindən təşkil olunub. Keçmiş vəkil pul tələb edib, istədiyinə nail olmadıqdan sonra isə insanları kəskin şəkildə qızışdıraraq bizə qarşı kampaniya başladıb.
Bildiririk ki, Azərbaycan xaricindəki layihələrə (məsələn, "Uzaq Şəhər" kimi seriallara) heç kəs göndərilməyib, yalnız yerli layihələrdə ("Dar küçələr" və "Yaddaş" filmlərində) tələbələrimiz çəkilib və bu layihələrdə ümumilikdə 200-dən çox tələbə rol alıb.
Vətəndaşların adından xəbərsiz kredit çəkilməsi iddiaları isə tamamilə absurddur, bank sistemində təsdiq olmadan bunun edilməsi qeyri-mümkündür. Müqavilə şərtlərinə gəldikdə, xərclərə uyğun olaraq müəyyən məbləğlər nəzərdə tutulub, lakin heç kəsə əsassız yerə 500 manat cərimə tətbiq olunmayıb”. deyə şirkətin direktoru bildirib.
Dələduzluq maddəsi ilə cinayət işi
Qeyd edək ki, şirkətdən şikayətçi olan onlarla vətəndaş qurumun fəaliyyətindən narazılıq edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Üstəlik, şikayətçilərin sözlərinə görə, əvvəllər "Devin Mediya"nın vəkili olmuş Xəyal Məmmədov sonradan tərəflərin müqaviləsindəki nöqsanları və haqsızlıqları görərək şikayətçilərə pullarının geri alınmasında hüquqi yardım etməyə başlayıb.
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, vətəndaşların müraciətləri əsasında məsələ ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ərazi üzrə polis orqanında zəruri istintaq hərəkətləri davam etdirilir.