Rus yazıçısı Aleksandr Soljenitsının Rusiyada, Vladivostokun mərkəzində, Korabelnaya sahilində yerləşən abidəsi sökülüb.
Bizim.Media xəbər verir ki, şəhər administrasiyasının mətbuat xidmətinin çərşənbə axşamı "İnterfaks"a verdiyi məlumata görə, abidə yaxın günlərdə şəhərin başqa bir hissəsinə köçürüləcək.
"Quraşdırma işlərinə artıq başlanılıb və bu həftənin sonuna qədər tamamlanacaq", deyə administrasiya nümayəndəsi bildirib.
Abidə "Vladivostokun 100 illiyi" prospektinin yaxınlığında yerləşən "İnam və Ümid" ("Vera i Nadejda") parkında qoyulacaq.
Daha əvvəl xəbər verildiyi kimi, Soljenitsının abidəsinin köçürülməsi planları bu ilin mart ayında elan edilmişdi və işlərin yay ərzində başa çatdırılması nəzərdə tutulmuşdu.
O vaxt meriya qeyd etmişdi ki, "tarixçilər və diyarşünaslar tərəfindən ciddi tənqidlər səsləndirilib. Onlar vurğulayıblar ki, Soljenitsın Vladivostoka təyyarə ilə gəlib, buna görə də onun hərbi gəmilərin olduğu sahil zolağında yerləşdirilməsi məqsədəuyğun deyil".
Administrasiya əlavə edib ki, heykəl mədəni irs obyekti kimi təsnif olunmur və meriya tərəfindən sifariş edilməyib, lakin sonradan şəhər hakimiyyətinin mülkiyyətinə keçib.
Rus yazıçısı Aleksandr Soljenitsının abidəsi 5 sentyabr 2015-ci ildə Vladivostokdakı Korabelnaya sahilində quraşdırılmışdı. Abidənin müəllifi heykəltəraş Pyotr Çeqodayevdir. Açılış mərasimində tanınmış yazıçının oğlu Yermolay Soljenitsın iştirak edirdi. Vladivostokun ən gözəl və tez-tez ziyarət edilən yerlərindən birində Soljenitsına abidə ucaldılması, şəhərin belə bir heykələ ehtiyacı olub-olmaması barədə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Soljenitsın Vladivostoka cəmi bir dəfə – 1994-cü ilin may ayında, ABŞ-dan Rusiyaya qayıdarkən yoldan keçərkən baş çəkmişdi.
Bizim.Media