Xəbər verdiyimiz kimi, Bəhramtəpə-Biləsuvar yolunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, sürücü isə xəsarət alıb. Hadisə ötən gün saat 19 radələrində yolun İmişli rayonunun Qızılkənd kəndi ərazisindən keçən 54-cü kilometrliyində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin, sürücünün həmyerlisi, 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyəti isə orta ağır qiymətləndirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət və ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarının pozulması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hadisədən nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və sükan arxasında məsuliyyətsiz davranışın ağır nəticələrə səbəb ola biləcəyini unutmamağa çağırıb.(Oxu.az)

Bizim.Media