Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə həbs edilən Azərbaycan əsilli tanınmış müğənni Navai (Nəvai Bəkirov) girov müqabilində azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, məhkəmə onun barəsindəki ilkin məhdudlaşdırıcı tədbirləri dəyişdirib.
Bəkirov əvvəlcə müvəqqəti saxlama təcridxanasında saxlanılıb, daha sonra Taraz şəhərindəki 13 saylı istintaq təcridxanasına köçürülüb. Navai narkotik qaçaqmalçılığı ilə bağlı ittihamları rədd edərək, marixuananın icarəyə götürülmüş "Mercedes" markalı avtomobildə aşkar edildiyini bildirib. Sənətçi dünən gecə yenidən istintaq təcridxanasına qaytarılıb, bu gün isə məhkəmə iclası üçün yenidən məhkəməyə gətirilib.
Qeyd edək ki, müğənni Navai oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Korday" sərhəd keçid məntəqəsində saxlanılmışdı. Onun üzərində 2,5 qram marixuana, siqaret kağızları və üyüdücü aşkar edilmişdi.
Nuranə, Bizim.Media