Çində 29 yaşlı şirkət əməkdaşı satış planını yerinə yetirmədiyinə görə menecer tərəfindən 200 dəfə oturub-durma hərəkəti etməyə məcbur edilib.
Bizim.Media “South China Morning Post”a istinadən xəbər verir ki, Yanq soyadlı qadın bu cəzadan sonra səhhətində yaranan ciddi problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Məlumata görə, bu yaxınlarda Hançjou şəhərinə köçən Yanq iyun ayında maliyyə məsləhətçisi kimi ilk işinə başlayıb. Komanda rəhbəri Çjan hər bir əməkdaşdan gündə 200 zəng etməyi və yeni müştərilər cəlb etməyi tələb edib.
İyulun 28-də planı yerinə yetirə bilməyən qadına iki seçim təklif olunub: 100 dəfə oturub-durmaq və ya tamamlanmamış hər tapşırığa görə 50 yuan cərimə ödəmək.
Yanq fiziki cəzanı seçib və rəhbərinə sübut kimi video göndərmək üçün 200 dəfə oturub-durub. Bundan sonra onun ayaqlarında şiddətli ağrılar yaranıb və ayaq üstə dayanmaqda çətinlik çəkib.
Həkimlər qadına rabdomioliz diaqnozu qoyublar. Bu, əzələ toxumasının parçalanması nəticəsində zərərli zülalların qana keçdiyi və böyrəklərin zədələnməsinə səbəb ola bilən təhlükəli vəziyyətdir.
Hadisə Çinin sosial şəbəkələrində ciddi narazılıq doğurub. İstifadəçilər menecerin tətbiq etdiyi cəzanı alçaldıcı və təhqiramiz adlandırıblar. Yerli hakimiyyət orqanları şirkətlə bağlı araşdırmaya başlayıb. (unikal.az)
Bizim.Media