Dünyanın ən yaşlı insanı hesab olunan britaniyalı Ethel Katerhem 117 yaşını qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
O, doğum gününü İngiltərənin Surrey qraflığındakı “Hallmark Lakeview Care Home” qocalar evində ailəsi və dostları ilə birlikdə keçirib. Katerhem 116 yaşlı braziliyalı qadının ölümündən sonra, 2025-ci ilin mayında dünyanın ən yaşlı insanı elan edilib.
Qeyd edək ki, ötən il Ethel Kral III Çarlzla görüşüb və hətta onun əlindən tutub. Katerhem krala 1969-cu ildə onun Uels şahzadəsi elan olunmasını izlədiyini xatırladıb. Həmin vaxt Çarlzın 21 yaşı olub.
Ethel 21 avqust 1909-cu ildə, Birinci Dünya müharibəsinin başlamasından beş il əvvəl anadan olub. O, 1910-cu ilin mayında vəfat edən Kral VII Eduardın dövründən sağ qalan sonuncu britaniyalı hesab olunur. Katerhem həyatı boyu daha beş monarxın hakimiyyətinin şahidi olub: V Georq, VIII Eduard, VI Georq, II Elizabet və III Çarlz.
Bununla belə, Ethel Katerhem dünyanın ən uzunömürlü insanı rekordundan hələ beş il geri qalır. Bu rekord fransalı Janna Kalmanın adı ilə bağlıdır. O, 122 il yaşayıb və 1997-ci ildə vəfat edib. (axşam.az)
Bizim.Media