Rusiya Hərbi Dəniz Donanması Ukrayna pilotsuz uçuş aparatlarının dağıdıcı hücumlarından qorunmaq üçün özünün irihəcmli hərbi gəmilərini yeni radioelektron mübarizə sistemləri ilə təchiz etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə hərbi sahə üzrə ixtisaslaşmış "The Defence Blog" nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna dronlarının dənizdəki uğurlu əməliyyatları fonunda Rusiya komandanlığı gəmilərin hava hücumundan müdafiəsini radioelektron vasitələrlə gücləndirməyə məcbur olub.
"Peroed-M" adlanan yeni kompleks dənizdə artıq dörd əsas hərbi gəmidə — "Varyaq" raket kreyserində, "Sterequşiy" korvetində, "Udaloy" böyük sualtı əleyhinə gəmisində və "Neustraşimıy" keşikçi gəmisində quraşdırılıb və vizual olaraq təsbit edilib.
Nəşrin qeyd etdiyinə görə, bu sistem dronların aşkarlanması aparatı ilə radioelektron “boğma” avadanlıqlarını özündə birləşdirir və ilk növbədə gəmilər üçün ciddi təhlükəyə çevrilən kiçikölçülü FPV döyüş dronlarına, eləcə də kəşfiyyat xarakterli kvadrokopterlərə qarşı mübarizə aparmaq üçün layihələndirilib.
"Peroed-M" kompleksi hədəfləri vaxtında müəyyən etmək üçün ilkin olaraq quru qoşunlarının piyada bölmələri üçün daşına bilən radar kimi hazırlanan "Repeynik" radiolokasiya stansiyası ilə cütlükdə fəaliyyət göstərir.
Sözügedən radar, adi kvadrokopter ölçüsündə olan kiçik hədəfləri belə 15 kilometrə qədər məsafədə və 5 min metr hündürlükdə aşkar edə bilir.
Hərbi ekspertlərin rəyinə görə, rusları belə operativ addım atmağa məhz Ukrayna tərəfinin effektiv PUA taktikası məcbur edib. Bununla belə, analitiklər dəniz şəraitində bu sistemin Ukraynanın yeni nəsil sürətli və proqram təminatı ilə gücləndirilmiş dronlarına qarşı nə dərəcədə effektiv tab gətirə biləcəyini hələlik tam əminliklə deyə bilmirlər.
Bizim.Media