
İtaliyanın Sardiniya adasındakı 15 restoran uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailəvi ünsiyyəti bərpa etmək məqsədilə bir aylıq sınaq layihəsinə qoşulub. Layihə çərçivəsində yemək zamanı mobil telefon və digər elektron cihazlardan istifadə məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, Sardiniya Uşaq Ombudsmanı, yeniyetmələrin işləri üzrə keçmiş hakim Anna Kaunun rəhbərlik etdiyi “A tavola senza schermi” (“Ekransız masada”) adlı təşəbbüs gələn həftədən etibarən start götürür.
Könüllü olaraq layihəyə qoşulan restoranlarda ailələrdən yemək müddətində smartfonlarını kənara qoymaları xahiş olunacaq.
Anna Kau bildirib ki, məqsəd yalnız qadağa tətbiq etmək və ya bütün məsuliyyəti valideynlərin üzərinə yıxmaq deyil:
“Cəmiyyət olaraq valideynlərə dəstək olmalı, uşaqların insanlarla canlı ünsiyyət qurmasına şərait yaratmalıyıq. Bu təşəbbüs mürəkkəb bir problemə doğru atılan kiçik, lakin mühüm addımdır”.
Cihazlarını təhvil verən ailələrə restoran personalı tərəfindən xüsusi “yenidən əlaqə dəsti” təqdim olunacaq. İtaliya Pediatrlar Federasiyası tərəfindən hazırlanan bu dəstə müxtəlif stolüstü oyunlar, rəsm materialları və uşaqların valideynləri ilə söhbətə başlamasına kömək edən tapşırıqlar daxildir.
Oyunlar restoranlarda şam və ya nahar yeməyi müddətinə uyğun vaxt çərçivəsində hazırlanıb.
Dəstə rəqəmsal asılılığın fəsadlarını izah edən maarifləndirici broşürlər və evdə sosial mediadan istifadəni tənzimləmək üçün tövsiyələr də əlavə olunub. (qafqazinfo.az)
Bizim.Media