
Hər gün pomidor yemək qaraciyərdə piy toplanmasının azalması ilə əlaqəli ola bilər. Bu nəticəyə İtaliyanın Milli Qastroenterologiya İnstitutunun tədqiqatçıları gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Alimlər qaraciyər piylənməsindən əziyyət çəkən və bədən kütlə indeksi 30-dan çox olmayan 79 yetkin şəxsin iştirakı ilə araşdırma aparıblar.
İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüblər.
Birinci qrup altı həftə ərzində hər gün 200 qram çiy pomidor, yəni təxminən bir iri pomidor, eləcə də 50 qram pomidor sousu qəbul edib. İkinci qrup isə pomidorsuz qidalanma rejiminə əməl edib.
Tədqiqatın əvvəlində və sonunda xüsusi skan müayinəsi vasitəsilə iştirakçıların qaraciyərindəki yağ miqdarı qiymətləndirilib.
Nəticələr göstərib ki, hər iki qrupda qaraciyərdəki yağ miqdarı azalıb. Lakin hər gün pomidor yeyən iştirakçılarda azalma daha nəzərəçarpan olub. Bu qrupda göstərici ilkin səviyyə ilə müqayisədə orta hesabla 11 faiz, digər qrupda isə təxminən 6 faiz azalıb.
Bununla belə, pomidor qəbulu qaraciyərin sərtliyində, fibrozun dərəcəsində, qaraciyər fermentlərinin səviyyəsində, xolesterində, qanda şəkərin miqdarında və bədən tərkibində nəzərəçarpan dəyişiklik yaratmayıb.
Qeyd edək ki, tədqiqat pomidorun qaraciyər piylənməsini birbaşa müalicə etdiyini sübut etmir.
Nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var.
Bizim.Media