
Uşaqların erkən yaşda kosmetik vasitələrdən istifadə etməsi dəridə qızartı, qıcıqlanma, səpgilər və ləkələrin yaranmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan gözəllik və dəriyə qulluq videoları uşaqların böyüklər üçün nəzərdə tutulan kosmetik məhsullara marağını artırır. Hətta 4-5 yaşlı uşaqların makiyaj etməsi, valideynlərinin istifadə etdiyi örtücü vasitələri üzlərinə çəkməsi halları müşahidə olunur.
Uşaqlara həkim tərəfindən təyin edilən vasitələr istisna olmaqla, serum, pilinq, retinol və turşu tərkibli kosmetik məhsullardan istifadə etmək tövsiyə edilmir. Bu vasitələr uşaqların həssas dərisində müxtəlif reaksiyalara yol aça bilər.
Uşaqlıq dövründə dəridə qabarcıqlar yaradan ağır günəş yanıqları da gələcəkdə melanoma adlı dəri xərçənginin yaranma riskini artıra bilər. Buna görə uşaqların dərisinin günəşin zərərli təsirlərindən qorunması vacibdir.
Bundan başqa, gel dolğulu stress topları da uşaqlar üçün təhlükə yarada bilər. Bu oyuncaqlar qızdırıldıqda partlayaraq göz və ağız ətrafında yanıqlara, allergik reaksiyalara səbəb ola bilər. Oyuncağın içindəki maddələrin udulması isə ciddi sağlamlıq problemləri yarada bilər.
Bizim.Media