
Türkiyədə bəzi siyasi dairələr və mətbuat resursları tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir. Sözügedən kampaniyanı aparanlar ölkəmizi İsraillə əməkdaşlıqda, o cümlədən məktəbələrdə vahid geyim formasının tətbiq olunmasında ittiham edirlər.
Bizim.Media xəbər verir ki, Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz cümə xütbəsində çıxışı zamanı Azərbaycanı hədəf alan dairələri sərt tənqid edib.
Özgündüz çıxışında Qarabağ Zəfərinin türk dünyasının başını uca etdiyi qeyd edib:
“Azərbaycanda xalq kimi seçibsə, onun başım üstündə yeri var. Azərbaycan xalqı onu (Prezident İlham Əliyev – red.) seçib, atasını (Ulu Öndər Heydər Əliyev – red.) seçib. Onlar da ata-oğul işğal edilmiş torpaqları xilas edib, məni başı uca edib. Atası savaşı dayandırdı, oğluna vəsiyyətlərini etdi. Oğlu da Vətənimi qurtardı, üzü ağ olsun. Ondan əvvəl otuz il başımız aşağı idi, hər il deyirdim ki, “o torpaqları azad etmədən bizim başımız uca olmayacaq”. Allah onun atasına rəhmət eləsin, özünə də can sağlığı versin. O torpaqlarımızı azad edəndən sonra Azərbaycan, Azərbaycan türkləri dünyada hörmət gördü”.
Cəfərilərin lideri Türkiyə və Azərbaycan Prezidentləri arasındakı qardaşlıq münasibətlərinə də diqqət çəkib:
“Bu gün Azərbaycanı hədəf alanlar əvvəlki dövrdə də İlham Əliyevi sevmirdilər. Çünki İlham Əliyev onların pis nümunə olduğunu göstərdi. O, ölkəsini dağıntıya, xalqını qırğına məruz qoymadan, dünyanı düşmən etmədən, başlarına döyə-döyə xristianların əlindən torpaqlarını xilas etdi, onları kapitulyasiyaya məcbur etdi. Bu gün Azərbaycan dünyada ən hörmətli ölkələrdən biridir. Dövlətimizin başçısı (Rəcəb Tayyib Ərdoğan – red.) İlham Əliyevə “qardaşım” deyir. Ədəbiniz olsa, dövlətinizin başçısının “qardaşım” dediyi şəxsi hədəf almazsınız, ayıbdır”.
Cəfərilərin lideri vahid məktəbli formasının tətbiqini “hicab qadağası” kimi təqdim edənlərin yalanlarını da ifşa edib. Səlahəddin Özgündüz Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların cəmiyyətin həssas duyğularına xitab etməyi yaxşı bacardıqlarına diqqət çəkərək, prosesin arxasında təcrübəli komandanın dayandığını bildirib.
Türkiyəli din xadimi Azərbaycanı hədəf alan şəxslərin dini həsasiyyəti, azadlıqları bəhanə etdiklərini qeyd edib:
“Deyirsiniz ki, azadlıq baxımından məktəbli formasına qarşı çıxırıq, yalandır. Hicablı qızların təhsilinə qadağa qoyulmur. Amma Taliban qızların təhsil almağını qadağan etdi, səsini çıxaran olmadı. Səudiyyə Ərəbistanında nəinki hicabsız gəzməyi, əri yanında olmayan qadın küçəyə belə çıxa bilmir. Niyə səsini çıxarmırsan? Qadınlar bizim ölkədə küçədə açıq-saçıq gəzirlər. Bəli, bu da İslami cəhətdən doğru deyil. Amma buna da heç nə demirsiz”.
Səlahəddin Özgündüz Azərbaycanı İsraillə münasibətlərə görə tənqid edənlərə də cavab verib:
“Deyirlər ki, BMT-də niyə Azərbaycan təmsilçisi Netanyahu çıxış edərkən zalda əyləşmişdi. Halbuki Azərbaycanın cəmi bir təmsilçisi orda idi. Amma ərəblər orada əyləşmişdilər, əgər təhqir edəcəksinizsə, gərək birinci onları təhqir edəydiniz. Qəzzada qətlə yetirilənlər ərəblərin həm din, həm də milli qardaşlarıdır. Digər tərəfdən, Azərbaycan xalqı soyqırıma uğrayanda Fələstin Ermənistanın tərəfində idi”.
Cəfərilərin lideri Azərbaycanı hədəf alanların niyyətinin türk düşmənçiliyi olduğunu vurğulayıb. Üstəlik, bu kampaniyanı aparanların əslində İsrailə xidmət etdiklərini qeyd edib.
Səlahəddin Özgündüzün çıxışını təqdim edirik:
Bizim.Media