69 ölkənin nümayəndələri “sıçrayış saniyəsi”nin ləğvi və onun əvəzinə “sıçrayış saatı” sisteminə keçidlə bağlı qərarı dəstəkləyiblər.
Bizim.Media xəbər verir ki, qərar Fransada Beynəlxalq Çəki və Ölçü Bürosunun (BIPM) keçirdiyi konfransda qəbul edilib.
1972-ci ildən tətbiq olunan “sıçrayış saniyəsi” Yer kürəsinin fırlanma sürətindəki dəyişiklikləri nəzərə almaq üçün universal vaxta əlavə saniyə daxil edilməsinə və ya saniyənin çıxarılmasına imkan verirdi. Lakin bu üsul kompüter sistemlərində, peyk naviqasiyasında və maliyyə bazarlarında texniki problemlər yarada bildiyinə görə mübahisələrə səbəb olub.
Yeni yanaşma saniyəlik düzəlişlər əvəzinə daha uzun müddəti əhatə edən vaxt tənzimlənməsini nəzərdə tutur. “Sıçrayış saatı”nın nə vaxt tətbiq ediləcəyi hələ müəyyənləşdirilməyib.
Mütəxəssislər bu dəyişikliyə ehtiyacın yaranmasının min illər çəkə biləcəyini bildirirlər.
Qərarın məqsədi vaxt hesablamalarını sadələşdirmək və rəqəmsal sistemlərdə nasazlıq riskini azaltmaqdır. Bununla belə, bəzi mütəxəssislər yeni yanaşmanın qlobal vaxt standartlarında uyğunsuzluq yarada biləcəyindən narahatdırlar.
Dəyişiklik insanların gündəlik həyatda saatlardan istifadəsinə birbaşa təsir etməyəcək. Əsas yenilik rabitə, peyk naviqasiyası, maliyyə bazarları və dəqiq vaxt hesablamalarından asılı olan digər sistemlərə aiddir.
Bizim.Media