Bakıda yaşayanların bir çoxu mənzillərə verilən içməli sudan texniki su kimi istifadə edir. Halbuki müvafiq qurumlar ölkədə texniki suyun olmadığını, bütün suyun içməli olduğu barədə dəfələrlə açıqlama yayıblar. Hətta avtoyumalarda belə içməli sudan istifadə edildiyini qeyd edirlər.
Sakinlər isə çay qaynadarkən, yemək bişirərkən marketlərdən aldıqları qablaşdırılmış suya üstünlük verirlər. Onların əsas arqumenti suda müxtəlif qatqıların olması və bunun sağlamlıq üçün riskli hesab edilməsidir. Bu səbəbdən ailələr içməli suya xeyli miqdarda pul ödəyirlər. Bundan başqa, kran suyunu su təmizləyici qurğudan keçirənlər də var. Marketlərdən içməli su adı altında satılan sulara da nəzarətin necə həyata keçirildiyi və həqiqətən də içməli su olduğu başqa bir mövzudur.
Əgər mənzillərə verilən su içməlidirsə, niyə insanlar qablaşıdırlmış suya üstünlük verirlər? Su həqiqətən təhlükəlidirmi? Mənzillərə gələn suyun təmizliyi ilə bağlı monitorinqlər aparılırmı və nəticə necədir?
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC-nə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, içməli suyun tərkibi müəyyən edilmiş normativ tələblərə uyğun olaraq tənzimlənir və nəzarətdə saxlanılır.
Qeyd edilib ki, içməli suyun keyfiyyəti çoxsaylı fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə kompleks şəkildə qiymətləndirilir və müəyyən edilmiş tələblərə uyğunluğu mütəmadi laborator müayinələrlə yoxlanılır:
“Suyun keyfiyyəti mənbədən istehlakçıya qədər daim nəzarətdə saxlanılır. Suyun laborator müayinələrinin həftəlik nəticələri və əsas göstəriciləri Təchizatın rəsmi internet səhifəsində, isst.gov.az saytının “Suyun keyfiyyəti” bölməsində ictimaiyyətə təqdim olunur.
Bakı şəhəri, Abşeron yarımadasının və eyni zamanda regionların su təchizatı sistemlərində mənbələrdən (yerüstü və yeraltı) qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, suyun təhlükəsizliyinin təmin edilməsi, AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə riayət olunması məqsədilə bir sıra sutəmizləyici, zərərsizləşdirci qurğular, o cümlədən mənbədən – istehlakçıya qədər suyun keyfiyyətinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün kimyəvi – bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir. Əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir. Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür”.
Məlumatda vurğulanıb ki, emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür:
“Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq fiziki-kimyəvi və bakterioloji laboratoriyalarda yoxlanılır. Su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır. İçməli suyun keyfiyyət göstəriciləri müəyyən olunmuş norma və tələblərə uyğun şəkildə daim nəzarətdə saxlanılır”.
Günay Şahmar, Bizim.Media