Supermarketdən alınan tam taxıllı çörəyin təzə bişirilən çörəkdən daha faydalı olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşrinin məlumatına görə, dietoloq Anjela Dauden və tibb ekspertləri müxtəlif çörək növlərinin tərkibini araşdırıblar.
Məlum olub ki, supermarketlərdə satılan tam taxıllı çörəyin iki dilimində təxminən 5,6 qram lif var. Ağ undan hazırlanan təzə çörəyin eyni miqdarında isə bu göstərici cəmi 2,3 qram təşkil edir.
Mütəxəssislərin sözlərinə görə, tam taxıllı un kəpək və rüşeym də daxil olmaqla, dənin bütün hissələrini ehtiva edir. Bu un ağ unla müqayisədə üç dəfə çox maqnezium, iki dəfə çox sink və 50 faiz çox dəmir ehtiva edir.
Liflə zəngin qidalanma ürək-damar xəstəlikləri, ikinci tip diabet və bağırsaq problemləri riskini azalda bilər.
Bununla yanaşı, ekspertlər sənaye üsulu ilə istehsal olunan çörəklərə diqqət çəkirlər. Belə məhsulların saxlanma müddətini uzatmaq üçün tərkibinə emulqatorlar və konservantlar əlavə edilə bilər.
London Kral Kollecinin elmi əməkdaşı, doktor Meqan Rossinin sözlərinə görə, emulqatorların qidalanmada azaldılması bağırsaqdakı iltihabi prosesləri zəiflədə bilər. Bununla belə, gündə bir-iki dilim sənaye üsulu ilə hazırlanmış çörək yemək ciddi təhlükə yaratmır.
Mütəxəssislər alıcılara məhsulların etiketlərini diqqətlə oxumağı və tərkibində daha az əlavə maddə olan tam taxıllı çörəklərə üstünlük verməyi tövsiyə edirlər.
Bizim.Media