Sağlamlıq probleminə çevrilən “gözəllik” prosedurları – Kosmetoloji mərkəzlərə necə nəzarət edilir? – ARAŞDIRMA

“28 May”da yerləşən “Gülarə Medical” adlı kosmetoloji mərkəzdə kosmetoloji prosedur etdirən bir xanım redaksiyamıza müraciət ünvanlayıb. Həmin mərkəzdə dolğu etdirən pasiyent prosedurdan sonra bədənində abses yarandığını, səhhətində ciddi problemlərlə üzləşdiyini bildirir.

Bəs özəl kosmetoloji mərkəzlərə nəzarət hansı qurumun öhdəliyindədir? Bu mərkəzlərdə kimlər xidmət göstərə bilər? Səhiyyə Nazirliyinin kosmetologiya sahəsində fəaliyyətlə bağlı qaydaları varmı? Ölkədə kosmetoloji xidmətlə bağlı neçə lisenziya verilib? Kosmetoloji prosedurlarda istifadə edilən dolğuların hansı zərərləri var? Kosmetoloji prosedurlardan sonra fəsadlarla rastlaşan pasiyentlər hara müraciət edə bilərlər?

Bizim.Media bütün bu suallara cavab tapmaq üçün ətraflı araşdırma aparıb.

Tibbi kosmetologiya üçün lisenziya tələb olunur

Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, tibbi kosmetologiya tibbin bir sahəsi kimi tanınır.

Bu sahəyə estetik problemlərin korreksiyası və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurlar daxildir.

Cərrahi müdaxilələr (plastik cərrahiyyə) istisna olmaqla, inyeksion prosedurlar, aparat kosmetologiyası (o cümlədən lazer epilyasiyası), biorevitalizasiya, mezoterapiya, pilinq, kosmetoloji masaj, plazmoliftinq və digər üsullar “kosmetoloji” iş hesab olunur və bu fəaliyyətin həyata keçirilməsi üçün mütləq lisenziya tələb olunur.

Kosmetoloji xidməti kim göstərə bilər?

Nazirliyin məlumatına görə, bu sahədə yalnız müvafiq sertifikatı olan həkim-dermatoloqlar, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müvafiq təlim kursunu bitirmiş mütəxəssislər fəaliyyət göstərə bilərlər.

“Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, hüquqi şəxs yaratmaqla və ya ali tibb təhsili olan həkim-dermatoloq tərəfindən fiziki şəxs qismində qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika həyata keçirilə bilər.

Nazirlikdən həmçinin bildirilib ki, gözəllik salonları tibb müəssisələrinə qoyulan sanitar-epidemioloji tələblərə cavab vermədiyindən, həmin obyektlərdə tibbi kosmetoloji fəaliyyətin aparılması qanunvericiliklə qətiyyən yolverilməzdir.

Şikayət daxil olduqda yoxlama aparılır

Bəs kosmetoloji mərkəzlərə nəzarət necə həyata keçirilir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, vətəndaş şikayətləri və ya yerli dövlət orqanlarından daxil olan müraciətlər əsasında belə obyektlərdə xidməti yoxlamalar aparılır.

Aşkar edilən qanunsuz praktiki tibb fəaliyyəti lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyət tətbiq edilir.

Özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlərə nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı və plandankənar yoxlamalar vasitəsilə həyata keçirilir.

Kütləvi şəkildə insan həyatına və sağlamlığına təhlükə yarada biləcək hallarda vətəndaş müraciətləri, eləcə də mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar təyin edilə bilər.

Kosmetoloqa ayrıca rezidentura tələb olunurmu?

Kosmetologiya sahəsində çalışan mütəxəssislərin hansı təhsilə malik olması məsələsinə də aydınlıq gətirilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Kosmetoloq” olmaq üçün ayrıca rezidentura tələb olunmur. Tibbi kosmetologiya ayrıca lisenziyalaşdırılan tibbi fəaliyyət sahəsidir.

Qanunvericilikdə “dermatologiya” bölməsinin altında “kosmetoloji” iş ayrıca göstərilib.

Nazirliyin “Tibbi kosmetologiya (estetik dermatologiya) sahəsində çalışan kadrların təkmilləşdirilməsi barədə” 11 dekabr 2023-cü il tarixli 3-28/3-1-688/2023 nömrəli əmrində qeyd edilib ki, 2011-ci ildə ölkədə rezidentura təhsilinin tətbiq edilməsindən sonra dermatovenerologiya ixtisası üzrə rezidentura təhsil proqramına “Estetik dermatologiya” üzrə rotasiya daxil edilib və həkim-rezidentlərin həmin sahə üzrə hazırlığı hazıradək həyata keçirilir..

 

Əlavə olaraq, digər ixtisaslar üzrə fəaliyyət göstərən tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən müvafiq tibbi kosmetologiya üzrə ixtisaslaşma kurslarını bitirdikdən sonra tibbi kosmetologiya sahəsində praktik tibb fəaliyyətini həyata keçirə bilərlər.

Qanunsuz kosmetoloji fəaliyyətlə bağlı neçə protokol tərtib edilib?

Bəs son iki ildə kosmetoloji fəaliyyət sahəsində qanun pozuntuları ilə bağlı vəziyyət necədir?


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində 46 şəxs barədə qanunsuz kosmetoloji fəaliyyətin həyata keçirilməsinə görə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.

Onlardan:

Lisenziya olmadan iş və fəaliyyət – 35 hal (210.1);

Lisenziyadan kənar iş və fəaliyyət – 4 hal (215.1);

Sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma – 6 hal (215.4);

Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma – 1 hal (215.1 və 215.4).

2026-cı ilin 9 ayı ərzində isə 38 şəxs barədə qanunsuz kosmetoloji fəaliyyətin həyata keçirilməsinə görə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.

Kosmetologiya sahəsində fəaliyyətlə bağlı Səhiyyə Nazirliyinin hələ də ayrıca qaydaları yoxdur.

Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiya sahəsində tələblərlə bağlı Qaydalar hazırda hazırlanma mərhələsindədir.

Bu isə o deməkdir ki, sahə üzrə ayrıca qaydalar yoxdur.

Kosmetoloji xidmət üçün 350 qüvvədə olan lisenziya var

Kosmetoloji fəaliyyətin lisenziyalaşdırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə də müraciət etdik.

Nazirlikdən bildirilib ki, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub.

Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda “kosmetoloji iş üzrə ambulator tibbi xidmət” fəaliyyəti üçün 350 qüvvədə olan lisenziya mövcuddur. Cari il ərzində isə bu sahədə 34 lisenziya verilib.

Dolğular hansı fəsadlara səbəb ola bilər?

Kosmetoloji prosedurlar zamanı istifadə edilən dolğuların yaratdığı riskləri isə estetik-plastik cərrah İlyas Axundzadə izah edib.

Onun sözlərinə görə, istifadə edilən dolğu materialları sintetik və qeyri-sintetik olmaqla iki qrupa bölünür. Sintetik materialların həddən artıq çox fəsadları olduğu üçün professional plastik cərrahlar tərəfindən, demək olar ki, istifadə edilmir.

Təbii olanlar arasında ən çox istifadə edilən hialuron turşusudur. Ən az allergik reaksiya və fəsadlar verir. Qığırdaqlarımızdakı maddə ilə demək olar ki, eyni olduğu üçün orqanizm tərəfindən rahatlıqla sorulur. Düzgün istifadə edildikdə heç bir problem yaratmır.

Təbii sayılan digər materiallardan biri kalsium hidroksiapatit, digəri isə polilaktik turşu tərkibli dolğulardır. Onların xüsusi göstərişləri var və düzgün vurulmadıqda ciddi fəsadlara səbəb ola bilər.

Ən riskli nahiyələr hansılardır?

Dolğu üçün ən riskli sayılan bədən nahiyələri hansılardır sualına həkim hialuron turşusu misalı ilə cavab verib. Həkim bildirib ki, digər dolğuların hər biri adi, sadə sayılan nahiyələrə vurulduqda belə problem yarada bilər. Hialuron turşusu ilə çox vaxt üzün alt hissəsi, burnun ucundan aşağı olan nahiyələrə dolğu vurulur. Yuxarı hissələrə vurularsa, az da olsa, damarlara keçib damarları tıxaya bilər və damarların bəslədiyi dəri hissələrində çürümə, nekroz əmələ gələ bilər.

Çox nadir bir fəsad kimi dolğunun retroqrad şəkildə gözün torlu qişasının damarlarını tıxaması, nəticədə müvəqqəti və ya qalıcı korluğa yol açması baş verə bilər.

Dolğunun uzunmüddətli istifadəsi təhlükəlidirmi?

Dolğunun uzunmüddətli istifadəsi ilə bağlı danışan İ.Axundzadə qeyd edib ki, hialuron turşusu düzgün vurulursa və professional tərəfindən icra edilirsə, heç bir problem yaratmır.

Onun sözlərinə görə, hialuron turşusu əsaslı dolğu altı aya yaxın toxumalarda qalır.

Kimlərə dolğu proseduru tövsiyə edilmir?

Mütəxəssis bildirib ki, dolğu prosedurları dərisi çox həssas və infeksiyaya meyilli olan insanlara, o cümlədən hər hansı qazanılmış və ya anadangəlmə immun çatışmazlığı problemi olan şəxslərə tövsiyə edilmir.

Burada HİV xəstələri istisna təşkil edir. Çünki onlarda bəzən üzdə əmələ gələn xüsusi fəsadları gizlətmək üçün polilaktik dolğudan (poli-L-laktik turşu – PLLA əsaslı inyeksiya, klassik hialuron turşusu dolğusundan fərqli olaraq, əsasən kollagenin yaranmasını stimullaşdıran biostimulyator preparatdır) istifadə oluna bilər.

Üzdə və ya dolğunun vurulduğu nahiyədə iltihabi dəri xəstəlikləri, furunkulyoz, ekzema və s. problemləri olanlara dolğu vurmaq əks-göstərişdir.

Dolğu prosedurundan gözləntiləri qeyri-real olan, ruhi xəstəlikləri olan insanlara da dolğu vurulmamalıdır.

Prosedurdan sonra fəsad yaranarsa, pasiyent hara müraciət etməlidir?

Sonda kosmetoloji prosedurdan narazı qalan vətəndaşların hansı qurumlara müraciət edə biləcəyini də dəqiqləşdirdik.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, özəl kosmetoloji mərkəzdə tibbi xidmət alıb narazı qalan vətəndaşlar birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və ya Analitik Ekspertiza Mərkəzinə həmin müəssisə ilə münasibətlərini təsdiq edən sənədlərlə birgə müraciət edə bilərlər.

Daxil olan hər bir müraciət hərtərəfli araşdırılır və zərurət yaranarsa, müvafiq müəssisədə plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

Əgər söhbət göstərilən tibbi xidmətin keyfiyyətindən gedirsə, vətəndaş onun düzgün müalicə alıb-almamasını müəyyən etmək istəyirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu zaman məsələ araşdırılır və lazım olarsa məhkəmə-tibbi ekspertiza təyin edilir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Ötmə qaydasını pozan sürücü azyaşlı bacısının ölümünə səbəb oldu - ANBAAN VİDEO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

Əməliyyat olunan Ofeliya Sənaninin SON DURUMU

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

DİQQƏT! Bakıda bəzi marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlamasının SƏBƏBİNİ AÇIQLADI

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı – Məktəbli saxlanıldı

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

End of content

No more pages to load

RADİO