Bu gün 5 oktyabrdır. Bəlkə də bu tarix bir çox ailə üçün adi günlərdən biridir. Lakin 2020-ci ildən etibarən hər il oktyabrın 5-i Piriyevlər ailəsi üçün həm qürur, həm də dərin kədər yaşadan, yaddaşlara əbədi həkk olunan bir günə çevrilib.
Raul Zabid oğlu Piriyev 5 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Bu gün Raulun şəhadətə yüksəlməsindən 6 il ötür. Aradan keçən illər onun ailəsi üçün oğullarının yoxluğunun ağrısını azaltmayıb. Əksinə, Raulun xatirəsi ailəsinin yaddaşında hər gün, hər an yaşayır. Onun adı çəkiləndə həm bir övlad itkisinin acısı, həm də Vətən uğrunda canından keçən qəhrəmanla qürur hissi yaşanır.
Bizim.Media şəhidin anası Nəcibə Piriyeva ilə həmsöhbət olub. Nəcibə xanım qəhrəman oğlunun uşaqlıq və tələbəlik illərindən, həyata baxışından, xarakterindən, ailəsi ilə münasibətlərindən və son olaraq Vətən müharibəsində şəhid olduğu günə qədər uzanan xatirələrini bizimlə bölüşüb.

“O da hərbi xidmətə iyulda getsəydi, dostları kimi sağ-salamat qayıdardı...”
Anası deyir ki, ailənin üç oğlundan böyüyü olan Raul həm sakit təbiətli, həm də olduqca zəhmətkeş olub. O, hələ tələbəlik illərindən işləyərək ailəsinə dəstək olmağa başlayıb. Nəcibə xanım isə Raulu ona nəsib olan bir möcüzə kimi xatırlayır:
“Raul həm məktəbdə, həm də universitet illərində çox sakit idi. Dindirməsən, danışmazdı, özünü tərifləməyi sevməzdi. Birinci kursdan işləməyə qərar verdi və atasını da buna razı saldı. Universiteti bitirənədək “McDonald’s” restoranında işləyirdi. Maaşını və təqaüdünü alan kimi gəlib evdə stolun üstünə qoyurdu.
2019-cu ildə hərbi komissarlıqdan Raulu hərbi xidmətə çağırdılar. Lakin böyrəyi ilə bağlı problem aşkarlandığı üçün hərbi xidmətə getməsi təxirə salındı. İyulda artıq qrup yoldaşları hərbi xidmətə yollanmışdılar. Bəzən düşünürəm ki, bəlkə Raul da iyulda getsəydi, dostları kimi sağ-salamat qayıdardı... Amma qismət belə imiş, əsgərliyə oktyabrda yollandı.

Hərbi xidmətə getməzdən əvvəl saçlarını qırxdırdı. Atasından xahiş etdi ki, saçlarını o qırxsın. Dostları ondan şəkil istəmişdilər. O isə saçlarını qırxdırdığı üçün onlara “Tarixə belə düşmək istəmirəm” deyə cavab yazmışdı. Mən həmin mesajları Raul şəhid olduqdan sonra oxuya bildim”.
Nəcibə xanım deyir ki, oğlunun arzusu Xüsusi Təyinatlı Qüvvələrə seçilmək olub. O, hərbi xidmətdə arzusuna çatsa da, narahat qalmasınlar deyə bunu ailəsindən gizlədib:
“Oktyabrda artıq Raul hərbi xidmətini başa vurub, evinə qayıtmalı idi. Buna görə avqustdan hazırlıq görməyə başlamışdıq. Bizə zəng edəndə ona dedim ki, sənin üçün hazırlıq görürəm, oktyabrda gələndə bişirdiklərimdən yeyərsən.

Raulun cavabı isə belə oldu "sən hazırla, qismət olsa, yeyərəm".
Sonra qardaşıyla danışdı, ona tapşırdı ki, ananla atanın sözünə bax, onları əsəbləşdirmə. Birlikdə işlədiyi insanlara salamını çatdırmağımızı istədi. Sentyabrın 25-i yenidən zəng etdi, bu dəfə həmişəkindən fərqli olaraq, uzun danışdıq. Yenə də şübhələnmədim ki, Raul nə üçün belə uzun danışa bilir, düşündüm ki, evinə qayıtmağına az qaldığı üçün şərait yaranıb. Mənə dedi ki, narahat olma, oktyabrın 15-i evə qayıdacağam”.
Oktyabrın 15-də hərbi xidmətini başa vurub evə dönəcəyini deyən Raul sözünü tutdu. Ancaq evə qayıdışı ailəsinin gözlədiyi kimi olmadı – o, şəhid olaraq doğmalarına qovuşdu.

Nəcibə xanım həmin günləri belə xatırlayır:
“Sentyabrın 27-də müharibə başlayandan sonra yaşadığımız Maştağa qəsəbəsinə tez-tez şəhid xəbərləri gəlirdi. Oktyabrın 3-də Raul atasına zəng edib dedi ki, “Ata, biz müharibəyə getmədik, Goranboydayıq”. Sən demə, əslində həmin vaxt Murovdan Füzuliyə doğru hərəkət edirmişlər...
Günlərlə Rauldan xəbər ala bilmədik. Biz düşünürdük ki, oktyabrın 15-də hərbi xidmətini başa vurub evə gələcək, müharibə də bitəcək. Mən artıq onun gəlişinə hazırlıq görürdüm. Yoldaşım da evdə yığıncaq edəcəyimiz üçün çadır kirayələmişdi. Ancaq həmin gün qohumlarımız gəlib Raulun şəhid olması xəbərini bizə çatdırdılar.

Sən demə, Raul oktyabrın 3-də atası ilə danışdıqdan sonra, ayın 4-də Cəbrayıla hücuma keçib. Oğlum oktyabrın 5-nə keçən gecə döyüş zamanı snayperlə vurulub. Günlərlə neytral zonada qalıb. Yalnız oktyabrın 13-də onu oradan çıxara biliblər”.
“Körpəlikdən ehtiyatlı olan, başı yerə dəyməyən oğlum başından vurulmuşdu...”
“8 ay boyunca oğlumun şəhid olduğuna inanmadım. Çünki o, uşaqlığından bəri ehtiyatlı idi, yıxılmaz, başını yerə vurmazdı. Ancaq döyüşdə başından vurulmuşdu. Bir-bir hər kəsdən soruşurdum ki, onun Raul olduğunu gördünüz? Əminsiniz? Tanıdığım həkimlərə, Raulun həkim olan sinif yoldaşına yazdım ki, bəlkə oğlum sağdır, huşunu itirib. Onun ad günündən sonra qərar verdim ki, hərbi hissəyə gedəcəyəm. Yoldaşım orada Raulun son görüntülərini izlədi, mənim tək ümid işığım o hərbi hissəyə getmək idi, ancaq o da qaraldı...”

Oğlunun şəhid olduğuna inanmayan Nəcibə xanım deyir ki, dekabra qədər Şəhidlər Xiyabanına getməyib:
“Dedim ki, gedib digər Şəhidlərimizi ziyarət edəcəyəm, ancaq orada yatan mənim övladım, Raul ola bilməz”.
Nəcibə xanım oğlunun yarım qalan arzularından da danışıb. O deyib ki, Raulun ən böyük arzularından biri evinə qayıtdıqdan sonra xarici ölkələrə səyahət etmək, polis olmaq olub:

“Raul özünə xarici pasport almışdı.Ancaq nə xarici pasportunu, nə də diplomunu istifadə edə bildi”.
Qeyd edək ki, şəhid Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olub. O, 2015- ci ilin may ayında orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsində təhsil almağa başlayıb. I kursdan bəri “McDonald's” restoran şəbəkələrinin Gənclik filialında işləməyə başlayıb. İş faliyyəti müddətində “ilin ən yaxşı işcisi" “ilin ən surətli işcisi" kimi bir sıra diplom və hədiyyələrlə təltif olunub.
8 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini ilk olaraq Ağcabədidə, 2019-cu ilin dekabr ayından isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirib.

Raul Piriyev 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Murov, Kəlbəcər, Xocavənd, Fizuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramanlıq göstərib. O, 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə qəhramancasına şəhadətə yüksəlib və 15 oktyabrda Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Ali Baş Komandan İlham Əliyevin sərancamı ilə "Şücaətə görə" , "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" , "Vətən uğurunda", "Cəsur döyüşçü”, “Azərbaycan bayrağı” ordeni, "Cəbrayılın azadlığı uğrunda", "Kəlbəcərin azadlığı uğrunda" orden və medalları ilə təltif olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media