Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunacaq.
Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 (beş) faizi həcmində əlavə ödəniləcək. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək, bu zaman əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.
Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün Vəkillər Kollegiyasına müraciət edəcəklər.
Günay Şahmar, Bizim.Media