Metro yaxınlıqlarında və sosial şəbəkələrdə ucuz qiymətə "brend" adı altında satılan saxta ətir və kosmetik vasitələr insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Bəs bu məhsulların tərkibindəki hansı maddələr orqanizmə zərər vurur və orijinal olmayan ətirlərdən istifadə hansı ağır xəstəliklərə yol aça bilər?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən həkim-dermatoloq Pərviz Dadaşov bildirib ki, saxta və mənşəyi məlum olmayan ətirlər sağlamlıq üçün böyük risk daşıyır:
MÖVZU İLƏ BAĞLI:
Vuranda hər kəs adını soruşacaq payızın 5 ƏTRİ
"Qızartı, yanma və allergik dermatitə səbəb olur"
Dermatoloqun sözlərinə görə, bu təhlükələrin başında nəzarətsiz tərkib gəlir:
"Əsas təhlükələrdən biri bu məhsulların tərkibində keyfiyyətsiz və ya nəzarətsiz ətir komponentlərinin olmasıdır. Həmin maddələr dəridə qızartı, qaşınma, yanma və allergik kontakt dermatitə səbəb ola bilər. Bəzi insanlarda təkrar istifadə nəticəsində dəri həmin maddəyə qarşı həssaslaşır. Bundan əlavə, saxta məhsulların qablaşdırmasında tərkib və konsentrasiya dəqiq göstərilmir".
"Ətiri dəriyə vurmaq xərçəng xəstəliyinə başlanğıc verə bilər"
Pərviz Dadaşov ətirlərin istifadə qaydası ilə bağlı xüsusi xəbərdarlıq edərək, xərçəng təhlükəsinə diqqət çəkib:
"Ümumiyyətlə, ətirləri maksimum dərəcədə birbaşa dəriyə vurmaq məsləhət deyil. Bu, bir sıra ağır allergik reaksiyalar verməklə yanaşı, hətta xərçəng xəstəliyinin başlanğıcına da zəmin yarada bilər".
Ətir alarkən nəyə diqqət etməli?
Mütəxəssis istehlakçılara orijinal məhsulu seçmək üçün vacib tövsiyələr də verib:
"Ətiri yalnız qiymətinə görə deyil, mənşəyinə, satıcının etibarlılığına, qablaşdırmasına və məhsulun orijinallığına diqqət edərək almaq lazımdır. Ucuz qiymət öz-özlüyündə məhsulun mütləq saxta olduğunu göstərməsə də, həddindən artıq ucuz və mənşəyi bilinməyən ətirlərdən hər zaman ehtiyatlı olmaq vacibdir".
Ayşəm Rüstəmli, Bizim Media