Məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi ilə bağlı hüquqi şəxslər də cinayət-hüquqi tədbirlərə cəlb olunacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə biləcəyi cinayətlərin siyahısı müəyyənləşdirilib.
Layihəyə əsasən, siyahıya 306-cı maddə də əlavə olunacaq.
Sözügedən maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməyi və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyi cinayət əməli kimi müəyyən edir.
Hazırda 306.1-ci maddəyə əsasən bu əmələ görə 2 min manatdan 4 min manatadək cərimə, 320 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
306.2-ci maddədə də isə bu əməlin vəzifəli şəxs tərəfindən törədilməsinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırması nüəyyən edilib.
Günay Şahmar, Bizim.Media