Şəhidlik ən uca zirvə, Vətənə sədaqətin və mərdliyin ən ali nümunəsidir. Ana vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın qürur mənbəyidir.
Məmmədzadə Fərid də həmin qəhrəmanlarımızdan biridir.
Fərid Mehman oğlu Məmmədzadə 20 avqust 2000-ci ildə Ağdaş rayonunda ailənin ilk övladı olaraq dünyaya göz açıb.
Orta təhsilini Tofiq İsmayılov adına 8 saylı məktəbdə alıb. Musiqiyə böyük marağı sayəsində o, təhsilini Şuşa Musiqi Kollecində qarmon ixtisası üzrə davam etdirib.
2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilib. Bu uşaqlıqdan vətənpərvər ruhda böyüyən Fərid üçün həm qürur, həm də böyük məsuliyyət idi.
Şəhidimizin anası Nəzakət xanım Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, Fəridin ən böyük arzusu hərbi xidmətdən qayıtdıqdan sonra yenidən vətənə xidmət etmək, polis olmaq idi.
Elə hərbi xidmətdə olarkən də atasına belə deyirdi: “Mən polis olmaq istəyirəm. Bura mənim üçün əsl məktəbdir.”
27 sentyabrda Vətən savaşı başlayanda Fərid də ən ön sıralarda döyüş əməliyyatlarına qatılır. Sonuncu dəfə oktyabrın 1-də atası ilə əlaqə saxlayır:
“Mən yaxşıyam, narahat olmayın. Hər şey qaydasındadır. Yoldayıq, gedirik”...
“Gedirik” dediyi həmin şərəfli yol onu şəhidlik zirvəsinə aparıdı. Atası ilə son danışığından cəmi üç gün sonra – oktyabrın 4-də Fərid Füzuli rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, Şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!

Aynur Abdullayeva, Bizim.Media