Pakistan Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə dörd yük təyyarəsi ilə silah və hərbi texnika göndərib. Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı əməliyyata hazırlaşdığı qeyd olunur.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, Ədən limanına çatdırılan hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, yüngül artilleriya vasitələri, pilotsuz uçuş aparatları (PUA) və PUA-lara qarşı sistemlər daxildir.
Pakistanın dəstəyi yalnız silah və hərbi texnika ilə məhdudlaşmayıb. Hərbi məsləhətçilər də bölgədə Səudiyyəli həmkarları ilə birlikdə Yəmən qüvvələrinə fəal dəstək verirlər.
Qərb və ərəb rəsmiləri bildiriblər ki, Səudiyyə Ərəbistanı husilərin Qırmızı dəniz sahillərinin tamamına nəzarəti ələ keçirməsinin qarşısını almaq məqsədilə yüksək intensivlikli və genişmiqyaslı əməliyyata hazırlaşır.
Pakistandan göndərilən hərbi yardımın Yəməndə toqquşmaların artdığı və husilərin irəliləyişinin qarşısının alınmağa çalışıldığı bir dövrə təsadüf etməsi diqqət çəkib.
Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sana və bəzi vilayətlərin nəzarətini ələ keçirməsindən sonra başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləyir.
Son dövrdə Yəmən hökumətinə bağlı qüvvələrlə husilər arasında toqquşmalar yenidən artıb. Husilər isə onlara qarşı hücumlara cavab verdiklərini bildirərək, zaman-zaman Səudiyyə Ərəbistanına ballistik raketlər və PUA-larla hücumlar həyata keçirirlər.
Bizim.Media