Yeni dərs ilinin başlaması ilə Bakıda, xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat və sərnişin sıxlığı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Səhər və axşam saatlarında yaranan sıxlıq “Elmlər Akademiyası” metrostansiyasının ətrafında özünü daha qabarıq göstərir.
Ərazidə bir sıra ali təhsil müəssisələrinin yerləşməsi, eləcə də metro xətlərinin ayrılması sərnişin axınının artmasına səbəb olub. Son günlər sosial şəbəkələrdə də bu istiqamətdə yaranan sıxlıqla bağlı tələbələrin narazılıqları və müxtəlif görüntülər paylaşılır.
Tələbələrin bildirdiyinə görə, “Elmlər Akademiyası” stansiyasından “Həzi Aslanov” istiqamətinə birbaşa metro bağlantısının olmaması onların alternativ nəqliyyatdan istifadəsinə, nəticədə isə avtobus dayanacaqlarında uzun növbələrin yaranmasına səbəb olur.
Qeyd edək ki, sözügedən ərazi istiqamətində M1 və M6 ekspres həmçinin, digər bəzi marşrutlar da fəaliyyət göstərir. Ancaq bu, yenə də hər gün yaranan xoşagəlməz mənzərənin qarşısını almır.
Bəs ərazidəki təhsil müəssisələrinin çoxluğu nəzərə alınaraq Elmlər Akademiyasına əlavə marşrutlar xəttə buraxıla bilərmi?
Yasamal rayonundan seçilmiş deputat Göydəniz Qəhrəmanov Bizim.Media-ya açıqlamasında sözügedən ərazidə marşrutların artırılmalı olduğunu vacib sayıb:
“Elmlər Akademiyası” metrostansiyası ətrafında bir çox təhsil ocaqları fəaliyyət göstərir. Tələbələrin daha çox ictimai nəqliyyatdan istifadə etməsini nəzərə alaraq marşrutların sayını artırmaq lazımdır. Son günlərdə bu ərazidə sıxlığın artdığını müşahidə edirik. Nəqliyyat mütəxəssisləri bu məsələni tam olaraq bir daha nəzərdən keçirməlidirlər. Bu istiqamət üzrə nəqliyyat vasitələrinin artırılması, genişləndirilməsi problemin həllində çıxış yolu ola bilər”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin(AYNA) mətbuat katibi Tural Orucov isə saytımıza açıqlamasında bundan əvvəl mediaya verdiyi təkrar açıqlama ilə kifayətlənib:
Açıqlamada xətlərin ayrılması layihəsindən sonra görülən işlərlə bağlı məlumatlar qeyd edilib.
“Bakı şəhərində ilk dəfə olaraq rekord sayda – 2530 avtobus marşut xətlərinə cəlb edilib. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.
Marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobusların da intervalların artmasına səbəb olur. Eyni zamanda avtobusların hərəkət sxemi üzrə rahat hərəkət edə bilməsi üçün polis orqanları ilə birgə fəaliyyət göstərilir”, deyə açıqlamada qeyd olunub.
Tural Orucov Elmlər Akademiyası istiqaməti üzrə əlavə marşrut xətlərinin fəaliyyətə başlayıb-başlamayacağı, avtobusların artırılması ilə bağlı suallarımızı cavabsız qoyub.
Nəzrin Mirzəyeva, Bizim.Media