İnsan başına gələcəklərdən, xəstəlik, qəza və ya xəsarət almaqdan sığortalanmayıb. Lakin bu hadisələrin onun əmək qabiliyyətinə, fəaliyyətinə və gəlirinə vuracağı zərərə qarşı sığorta təminatı əldə edə bilər. Sığortanın məntiqi də baş verə biləcək hadisənin qarşısını almaq deyil, həmin hadisənin yaratdığı nəticələri kompensasiya etməkdir. Bu baxımdan, insanın əmək qabiliyyətinin sığortalanması diqqət çəkir. Əmlakın itirilməsi və ya zədələnməsi maliyyə itkisi yaradırsa, insanın gəlir qazanmaq qabiliyyətinin itirilməsi də eyni şəkildə, hətta daha böyük maliyyə nəticələrinə səbəb ola bilər.
Müğənninin səsi, futbolçunun ayaqları, pianoçunun əlləri əsas iş alətidir. Dünyada səsini, ayaqlarını və digər gəlir qazanmağa səbəb olan bədən üzvlərini sığortalayan məşhurlar var.
Məsələn, futbolçu Cristiano Ronaldonun ayaqlarının təxminən 144 milyon dollar, David Beckhamın ayaqlarının isə 2006-cı ildə 195 milyon dollar məbləğində sığortalandığı barədə məlumatlar yayılıb. Müğənni Mariah Careynin isə səsi və ayaqları üçün ayrı-ayrılıqda sığorta təminatı əldə etdiyi, hər biri üzrə 35 milyon dollar rəqəminin çəkildiyi bildirilir. Çünki peşəkar futbolçunun zədələnməsi, müğənninin səsini itirməsi və ya musiqiçinin əllərinin funksiyasını itirməsi təkcə sağlamlıq problemi deyil, eyni zamanda həmin şəxsin gəlir əldə etmək imkanının azalması və ya tamamilə itirilməsi deməkdir.
Bəs ölkəmizdə necə, müğənni səsini və ya futbolçu ayaqlarını ayrıca və könüllü qaydada sığortalaya bilərmi? Sığorta bazarında buna dair real nümunələr mövcuddurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bu sığorta növünə marağın az olduğunu deyib:
“Bunlar bir növ reklam xarakterli sığorta növüdür, əslində, təminat da verilir. Amma növ olaraq satışı yoxdur, könüllü olaraq rəmzi olaraq təminat verilə bilər. Bu sığorta növü kütləvi və ənənəvi deyil, maraq da azdır. Gəlirlərin sığortalanması isə könüllü bir yanaşmadır. Bununla bağlı hansısa fəaliyyət sahələri üzrə məsuliyyət sığortasına təminat olaraq vermək olar”.
Günay Şahmar, Bizim.Media