Alimlər adi ağ çörəyin tərkibinə ispanaq əlavə etməklə onun qida dəyərini artırmaqla yanaşı, orqanizmin insulin reaksiyasına da təsir etməyin mümkün olduğunu müəyyənləşdiriblər.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Avstraliyadakı Monaş Universitetinin tədqiqatçıları 15 sağlam insanın iştirakı ilə araşdırma aparıblar.
İştirakçılar əvvəlcə adi ağ çörək, bir həftə sonra isə tərkibinə ispanaq əlavə edilmiş çörək yeyiblər. Onlara hansı çörəyi yedikləri bildirilməyib.
Nəticələrə görə, ispanaqlı çörəyin tərkibində adi ağ çörəklə müqayisədə lif 28 faiz, fol turşusu 58 faiz, kalsium 78 faiz, dəmir 90 faiz daha çox olub. Kaliumun miqdarı isə iki dəfə çox olub.
Qanda şəkərin səviyyəsində ciddi fərq müşahidə edilməsə də, ispanaqlı çörək yeyənlərdə insulin səviyyəsi təxminən 30 dəqiqə gec yüksəlib. Bundan başqa, həmin iştirakçılarda yeməkdən üç saat sonra aclıq hissinin adi ağ çörək yeyənlərdəki qədər artmadığı müəyyənləşib.
Tədqiqatçılar hesab edirlər ki, ispanaq həzm sistemi ilə beyin arasındakı siqnallara təsir göstərərək toxluq hissinin daha uzun davam etməsinə səbəb ola bilər. Lakin bunun dəqiq mexanizmini müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac var.
Araşdırma kiçik qrup üzərində aparıldığı üçün alimlər nəticələrin bütün insanlara şamil edilə bilməyəcəyini də vurğulayırlar. Onların fikrincə, ispanağın gündəlik istifadə olunan qidalara əlavə edilməsi tərəvəz qəbulunu artırmaq üçün mümkün üsullardan biri ola bilər.
Bununla belə, ispanaqlı çörək adi tərəvəzlərin əvəzi hesab edilmir. Tədqiqatçıların əsas məqsədi insanların gündəlik qidalanmasında tərəvəz və digər faydalı maddələrin miqdarını artırmağın daha rahat yollarını tapmaqdır.
Bizim.Media