Elektrikli skuterlərdən istifadə zamanı alınan xəsarətlərin motosiklet qəzalarındakı xəsarətlərdən daha ağır ola biləcəyi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmada İngiltərə və Uelsdə 2020–2024-cü illər ərzində həyata keçirilmiş 33 milyon səfərə dair məlumatlar təhlil edilib.
Nəticələrə görə, elektrikli skuter istifadəçilərinin kəllə-beyin travması alma riski motosikletçilərlə müqayisədə 3,45 dəfə, velosipedçilərlə müqayisədə isə 1,74 dəfə yüksəkdir. Elektrikli skuter qəzalarında daxili orqanların və qan damarlarının zədələnməsinə də daha çox rast gəlinib.
Tədqiqatçılar ağır xəsarət riskinin yüksək olmasının əsas səbəblərindən biri kimi dəbilqədən istifadənin olduqca aşağı səviyyədə qalmasını göstərirlər. Elektrikli skuter sürənlərin cəmi 5,9 faizi dəbilqə taxır. Müqayisə üçün, bu göstərici motosikletçilər arasında 75,7 faiz, velosipedçilər arasında isə 45 faizdir.
Araşdırmaya əsasən, yetkin elektrikli skuter istifadəçilərinin aldığı bütün xəsarətlərin üçdə birindən çoxunu kəllə-beyin travmaları təşkil edir. (musavat.com)
Bizim.Media