Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Ümumvətəndaş pasportu əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi ilə bağlı lazımi dövlətdaxili prosedurlar həyata keçiriləcək. Bu sistem birtərəfli və ya qarşılıqlı qaydada həyata keçiriləcək.
Bu qərar ölkəyə turist axınını nə qədər artıra bilər və turizm sektoruna necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, bir sıra ölkələrlə vizasız rejim tətbiq olunması ilk növbədə turizm şirkətlərinin işini asanlaşdıracaq:
“Eyni zamanda turizmlə bağlı planlaşdırma, gələn turistlərin qarşılanması və yerləşdirilməsi proseslərinə də müsbət təsir göstərəcək. Viza prosedurlarının aradan qaldırılması həm turistlər, həm də turizm şirkətləri üçün əlavə maneələrin azalmasına səbəb olacaq.
Əsas məsələ ondan ibarətdir ki, vizasız rejimin tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına şərait yarada bilər. İnsanlar Azərbaycana daha asan şəkildə səfər etmək imkanı əldə etdikcə, bu, təbii olaraq turist axınının həcminə də təsir göstərəcək”.
Ekspert bildirir ki, bu proses mərhələli şəkildə, 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan proqram çərçivəsində aparılır. Bununla da vizasız rejimin tətbiq edildiyi ölkələrdən turistlərin Azərbaycana gəlməsi müəyyən zaman tələb edəcək və bu prosesdə turizm agentliklərinin fəaliyyəti də mühüm rol oynayacaq:
“Ona görə də vizasız rejimin tətbiqindən sonra birdən-birə çox böyük turist axınının yaranması və ciddi sıxlıq formalaşması real görünmür. Turist sayındakı artım daha çox mərhələli şəkildə özünü göstərəcək”.
Xədicə Paşayeva, Bizim.Media