Pivənin tərkibində həqiqətən də qadın cinsi hormonlarına oxşar kimyəvi birləşmələr var. Lakin kişilərdə kəskin hormonal dəyişikliklərə və qarın piylənməsinə səbəb olan konkret olaraq pivə deyil, ümumilikdə yüksək miqdarda alkoqol qəbulu və həddindən artıq yeməkdir.
Bizim.Media "qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Yevgeni Belousov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, pivə təkbaşına piyləri məhz qarın nahiyəsinə toplamaq kimi unikal xüsusiyyətə malik deyil.
"Problem başqa şeydədir: bu içki kifayət qədər kalorilidir, iştahı stimullaşdırır və onunla birgə adətən yüksək kalorili qəlyanaltılar — çipsi, suxari, kolbasa məhsulları, qızardılmış ət istehlak olunur. Çəki artımına səbəb pivənin özü deyil, məhz kalori artıqlığıdır", – deyə həkim xəbərdarlıq edib.
Qastroenteroloq təsdiqləyib ki, qulfeşən (xmel) həqiqətən də bitki mənşəli birləşmələr — fitoestrogenlər ehtiva edir. Geniş yayılmış yanlış fikrə görə, onlar kişilərin hormonal fonuna ciddi təsir göstərə bilir. Lakin bu günə qədər mülayim pivə qəbulunun fitoestrogenlər hesabına kəskin hormonal dəyişikliklərə gətirib çıxardığını sübut edən inandırıcı faktlar yoxdur.
"Müntəzəm və həddindən artıq istifadə edildikdə cinsi hormonların mübadiləsini pozmağa, testosteron səviyyəsini aşağı salmağa və reproduktiv funksiyanı pisləşdirməyə qadir olan alkoqolun özüdür", – deyə mütəxəssis izah edib.
Həkim onu da xatırladıb ki, pivənin tərkibində oksidləşdirici stresi azaldan təbii antioksidantlar — polifenollar var. Bu səbəbdən elmi tədqiqatlarda mülayim pivə qəbulu bəzən ürək-damar sistemi üçün müəyyən faydalı effektlərlə əlaqələndirilir. Lakin bu müsbət effektlər etanolun yaratdığı risklər fonunda öz əhəmiyyətini itirir.
Bizim.Media