Azərbaycanda ev təsərrüfatı başçısının yaşına görə istehlak xərclərində fərqli göstəricilər qeydə alınıb. Ən yüksək aylıq istehlak xərci 18–29 yaş qrupunda, ən aşağı göstərici isə 60 yaş və yuxarı şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 18–29 yaşlı ev təsərrüfatlarında ayda adambaşına orta istehlak xərci 436,3 manat təşkil edib.
30–39 yaş qrupunda bu göstərici 386,1 manat, 40–49 yaş qrupunda 387,2 manat, 50–59 yaş qrupunda 400,4 manat, 60 yaş və yuxarı qrupda isə 377,3 manat olub.
Bütün yaş qruplarında istehlak xərclərinin əsas hissəsini qida məhsulları təşkil edib. Ərzağa ən çox vəsait 18–29 yaşlı ev təsərrüfatlarında xərclənib. Bu qrupda aylıq adambaşına qida xərci 179,2 manat olub.
Səhiyyə xidmətlərinə ən çox vəsait gənc yaş qrupunda xərclənib.
18–29 yaşlı ev təsərrüfatlarında bu göstərici 24,7 manat, 30–39 yaş qrupunda 19,9 manat, 40–49 yaş qrupunda 19,1 manat, 50–59 yaş qrupunda 20,4 manat, 60 yaş və yuxarı şəxslərdə isə 20,4 manat olub.
Təhsil xərclərində isə fərqli mənzərə müşahidə edilir. Ən yüksək göstərici 40–49 yaş qrupunda qeydə alınıb – ayda adambaşına 10,8 manat. 30–39 yaş qrupunda bu göstərici 6,5 manat, 50–59 və 60 yaşdan yuxarı qruplarda 5,3 manat, 18–29 yaş qrupunda isə 3,9 manat təşkil edib.
Bəs, gənclər nəyə görə təhsilə az, səhiyyəyə daha çox pul xərcləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, Azərbaycanda gənclərin təhsilə daha az pul xərcləməsinin səbəbi bu missiyanın valideynlər üzərində olmasıdır:
“Bilirsiniz ki, bütün valideynlər övladlarının savadlı və bacarıqlı kadr olması üçün böyük pullar xərcləyirlər. Bu səbəbdən də yaşlı nəsil təhsilə daha çox pul ayırır. Gənclərinsə belə bir qayğısı yoxdur. Onların təhsil xərclərini dediyimiz kimi valideynlər qarşılayır.
O ki qaldı gənclərin səhiyyəyə daha çox pul xərcləməsinə. Bunun da müəyyən səbəbləri var. İlkin səbəb odur ki, əksər xəstəliklər cavanlaşıb. Məsələn 20-30 il bundan qabaq 40-50 yaşlı insanlar hansısa xəstəlikdən şikayətlənirdilərsə bu gün 20-30 yaşlı gənclər eyni vəziyyəti yaşayır.
Statistika göstərir ki, ürək, qan-damar, diabet, Hepatit, mədə-bağırsaq və digər xəstəliklər gənclər arasında geniş yayılıb. Bu səbəbdən də gənclər səhiyyəyə daha çox pul xərcləyirlər. Üstəlik, Z nəsli özlərinə qarşı çox həssasdır. Ona görə də orta və yaşlı nəsildən fərqli olaraq gənclər sağlamlıqlarına xüsusi diqqət ayırırlar”.
Surxay Atakişiyev, Bizizm.Media