Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA əməkdaşları vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov (A.Heydərov küçəsi, 102G ünvanında yerləşən, fiziki şəxs Əminə Hacıağa qızı Hacıağayevaya məxsus ictimai iaşə obyekti) və Səbail (İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Rahilə Dilqəm qızı Məmmədzadəyə məxsus unlu məmulatların emalı müəssisəsi) rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar aparıblar.
Yoxlamalar zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitariya-gigiyena və texnoloji tələblərin pozulduğu müəyyən edilib. Obyektlərdə havalandırma sistemləri ilə bağlı çatışmazlıqlar, eləcə də digər uyğunsuzluqlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokollar tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Unlu məmulatların istehsalı ilə məşğul olan müəssisədən götürülmüş məhsul nümunələri laborator müayinəyə göndərilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.



Bizim.Media