Sürətlə dəyişən əmək bazarı və texnologiyaların inkişafı təhsildə yeni yanaşmaları zəruri edir. Bu gün şagirdlərdən yalnız nəzəri biliklər deyil, həm də praktiki təcrübə, yaradıcı düşüncə, problem həll etmə, liderlik və komanda ilə işləmək kimi bacarıqlar tələb olunur. Məhz bu ehtiyacdan çıxış edərək yaradılan Taskool, məktəblilərin innovasiya və şəxsi inkişaf platforması kimi fəaliyyət göstərir.
"Gələcəyi formalaşdıran portfel platforması" şüarı ilə təqdim olunan Taskool şagirdlərə fərdiləşdirilmiş praktiki layihələr vasitəsilə bilik və təcrübə qazanmaq, əldə etdikləri nailiyyətləri şəxsi portfellərində toplamaq və gələcəyin bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
“Taskool” və onun əsasında formalaşan ideya, platformanın fəaliyyət prinsipləri, süni intellekt texnologiyalarının tədrisdə rolu və gələcək planları ilə bağlı layihənin nümayəndəsi ilə həmsöhbət olduq.
Bizim.Media “Taskool” layihəsinin təsisçisi və rəhbəri Nəriman Qaraxani ilə müsahibəni təqdim edir:
- “Taskool” layihəsinin məqsədi nədir və layihə nəyi hədəfləyir?
- Yeni innovativ təhsil platforması şagirdlərin yalnız nəzəri biliklər əldə etməsinə deyil, praktik bacarıqlarının, yaradıcı və tənqidi düşüncəsinin, eləcə də fərdi bacarıqlarının inkişafına yönəlib.
Platformada tədris daha çox praktiki layihələr və tapşırıqlar əsasında qurulur. Şagirdlər müxtəlif layihələr üzərində işləyərək əldə etdikləri nəticələri öz şəxsi portfellərində toplayırlar. Bu baxımdan platforma məktəblilər üçün bir növ rəqəmsal portfel formalaşdırma imkanı yaradır. Təhsil prosesində süni intellekt alətlərindən də istifadə olunur.
Süni intellekt vasitəsilə şagirdlərin fərdi bacarıqları müəyyənləşdirilir, onların maraq və imkanlarına uyğun layihələr təqdim edilir və təhsil prosesi fərdiləşdirilir. Şagirdlərə davamlı mentor dəstəyi göstərilir və onların hazırladıqları layihələr üzərindən şəxsi portfellərinin inkişaf etdirilməsi təmin olunur.
- Əsas istiqamət nədir?
- Platformanın əsas istiqamətlərindən biri də “soft skills” – fərdi bacarıqların inkişaf etdirilməsidir. Buraya özünüifadə, komandada işləmək, yaradıcı düşünmək, öyrənmə və ünsiyyət bacarıqları daxildir. Müasir dövrdə bu bacarıqlar gələcəyin əsasını təşkil edir.
Şagirdin öyrənmə bacarığının inkişaf etdirilməsi ona gələcəkdə müxtəlif sahələr üzrə yeni biliklər əldə etmək və dəyişən əmək bazarına uyğunlaşmaq imkanı verir. Platforma çərçivəsində şagirdlərin həm fərdi, həm də komanda şəklində işləməsinə şərait yaradılır. Məqsəd onların yalnız akademik biliklərini deyil, müxtəlif insanlarla ünsiyyət qurmaq, komandada işləmək və öz fikirlərini ifadə etmək bacarıqlarını da inkişaf etdirməkdir.
- Bildiyimiz kimi, bu platforma çərçivəsində bir çox proqramlar həyata keçirirsiniz. Bunlardan biri də “İnnovator Ideathon” proqramıdır. Bu proqram haqqında bizə məlumat verməyinizi xahiş edirik.
- Hazırda “Taskool” çərçivəsində “İnnovator Ideathon” müsabiqəsi layihəsini həyata keçiririk. Layihənin məqsədi məktəblilərdə sahibkarlıq ruhunu formalaşdırmaq, rəqəmsal və maliyyə bacarıqlarını inkişaf etdirməkdir. Bununla yanaşı, fərdi bacarıqları yaratmaqdır.
- Layihə neçə hissəlidir?
- Layihənin yarımfinal və final mərhələsi olacaqdır. Yarımfinal mərhələsi sentyabrın sonu, final mərhələsi isə oktyabrın ortasında təşkil olunacaq.
- Layihəyə kimlər, hansı yaşda uşaqlar, yeniyetmələr qouşla bilər? İştirak üçün hansısa tələb varmı?
- VII sinifdən yuxarı şagidlər bu layihədə iştirak hüququ qazanırlar. Layihəyə ölkənin hər yerindən, həm dövlət, həm özəl, həm də lisey və gimnaziyalarda təhsil alanlar qoşula bilərlər.
Şagird olmaqdan savayı heç bir tələb yoxdur. Sadəcə onlar bizim sayta keçid edərək (//taskool.com/az/startup/event/future-mind-ideathon-7) müraciət düyməsinə basaraq qeydiyyatdan keçə bilərlər. Həmçinin, bizə sosial şəbəkələr (//www.instagram.com/taskoolcom?igsh=MWJhdm1lYnkxNzduYg%3D%3D&utm_source=qr) vasitəsilə də yaza, müraciət edə bilərlər.
- Ən çox hansı bölgədən müraciət edənlər var? Bununla bağlı statsitika varmı?
- İştirakçıların 64,5 faizi paytaxt Bakının, 35,5 faizi isə regionalrın payına düşür. Azərbaycanın bütün bölgələrindən müraciətlər var. Qoşulanların 64 faizi dövlət, 30 faizi lisey və gimnaziyalar, 6 faizi özəl məktəblərin payına düşür.
- Bəs oğlanlar, yoxsa qızlar daha çox maraq göstərir?
- Həm qızlar, həm oğlanlar maraq göstərirlər. Faiz nisbətinə gəldikdə isə oğlanlar üstünlük təşkil edir. Belə ki, iştirakçıların 57 faizi oğlanlar, 43 faizi qızlardır.
- Nə qədər uşaq qoşula bilər layihəyə?
- Texniki resurs olaraq ən son imkanlardan istifadə edərək hər kəsə bu əlçatanlığı təmin edə bilirik.
- Hazırda nə qədər uşaq qoşulub?
- Hazırda həm Bakıdan, həm regionlardan 300-ə yaxın uşaq qoşulub. Haızrda yaydı və əktəblərdə tətil dövrüdür. İnsanlar istirahətdə olduqları üçün çox uşaq qoşula bilməyib.
- İl ərzində layihə davam edəcək?
- İl ərzində 2-3 dəfə bu proqramın təşkili nəzərdə tutulur.
- Şagirdlər layihədən necə xəbər tutsunlar?
- Layihə yay fəslinə təsadüf etdiyi üçün informasiya problemləri ola bilər. Daha çox məlumat sosial şəbəkələr üzərindən paylaşılıb. Daha sonrakı mərhələdə biz bunu media orqanları, məktəblər vasitəsilə hər kəsə çatdırmaq istəyirik. Çünki biz bunu kommersiya məqsədilə eləmirik, əksinə biz onlara dəstək oluruq. Uşaqlar yarım final mərhələsinə kimi 3 ay boyunca müxtəlif biliklər əldə edirlər, onlar üçün müəyyən kurslar hazırlanıb, ekspert görüşləri keçirilir.
– Layihə hansı formatda keçiriləcək və iştirakçıları hansı mərhələlər gözləyir?
– Layihə hibrid formatda – həm onlayn, həm də oflayn şəkildə həyata keçiriləcək. Proqramın ilk üç ayı, eləcə də yarımfinal mərhələsi onlayn təşkil olunacaq, final isə oflayn keçiriləcək.Yarımfinal mərhələsində şagirdlər komanda şəklində iştirak edəcəklər.
Layihə ərzində onlar ölkənin müxtəlif regionlarından olan həmyaşıdları ilə tanış olmaq, ortaq maraqları olan iştirakçılarla əməkdaşlıq qurmaq və birlikdə layihə hazırlamaq imkanı əldə edəcəklər. Nəticədə maksimum üç nəfərdən ibarət komandalar formalaşacaq və yarımfinalda öz ideyalarını təqdim edəcəklər. Bu mərhələnin yekununda ən uğurlu 10 komanda finala vəsiqə qazanacaq.
Final mərhələsinə yüksələn komandalar qatarla Qarabağa səfər edəcəklər. Səfər çərçivəsində iştirakçılar ilk dəfə fiziki olaraq bir araya gələcək, layihələrini Qarabağda təqdim edəcəklər. Finalın nəticələrinə əsasən qalib üç komandadan biri Türkiyəyə, digər iki komanda isə Gürcüstana beş günlük təhsil və tanışlıq səfərinə göndəriləcək.
– İdeya müsabiqəsində iştirakçılar hansı mövzular üzərində işləyəcəklər?
– Bu, ideya müsabiqəsi olduğundan iştirakçılar Qarabağda həyata keçirilə biləcək innovativ startap layihələri ilə çıxış edəcəklər. Məqsəd şagirdlərin regionu daha yaxından tanıması, onun potensialını araşdırması və yaradıcı düşüncələrini tətbiq edərək innovativ həllər təklif etməsidir. Münsiflər heyəti təqdim olunan layihələri qiymətləndirəcək və ən uğurlu ideya qalib elan olunacaq.
– Müsabiqədə qalib gələn ideyaları hansı imkanlar gözləyir?
– Bu, biznes ideyaları müsabiqəsidir. Məqsəd yalnız qalibləri müəyyənləşdirmək deyil, həm də perspektivli ideyaların gələcəkdə real layihələrə çevrilməsinə zəmin yaratmaqdır. İştirakçılar istəsələr, müsabiqədən sonra da öz ideyalarını inkişaf etdirə, tərəfdaş və sponsorlar cəlb edərək onları biznesə çevirə bilərlər.
– Layihədə hansı istiqamətlərə üstünlük verilir?
– Hazırda əsas diqqətimiz süni intellekt texnologiyalarına yönəlib. Bu gün süni intellekt alətləri vasitəsilə saytlar, mobil tətbiqlər və müxtəlif rəqəmsal məhsullar hazırlamaq mümkündür. Biz də proqram çərçivəsində şagirdlərə həmin alətlərdən istifadə etməyi öyrədir, onların öz ideyalarını texnologiyanın köməyi ilə reallaşdırmasına şərait yaradırıq.
Bununla yanaşı, müxtəlif sahələr üzrə ekspertlər layihəyə cəlb olunur. Onlar iştirakçılara müasir texnologiyalar, innovasiya və "ağıllı şəhər" konsepsiyası barədə praktiki biliklər verir, bu istiqamətdə layihə ideyalarının hazırlanmasına dəstək göstərirlər.
– Bu cür layihələrin şagirdlərin gələcək inkişafına hansı töhfəni verəcəyini düşünürsünüz?
– Hesab edirəm ki, valideynlər övladlarını daha çox məktəbdənkənar praktik fəaliyyətlərə yönəltməlidirlər. Bu gün dünyanın aparıcı universitetləri yalnız yüksək qiymətlərə deyil, həm də namizədlərin layihələrinə, sosial fəallığına və müxtəlif bacarıqlarına diqqət yetirirlər. İstedad təkcə dərs qiymətləri ilə ölçülmür.
Məktəbdə fənni əzbərləyib yüksək qiymət almaq mümkündür, amma əsas məsələ həmin bilikləri real həyatda tətbiq edə bilməkdir. Praktiki fəaliyyət uşaqların həm istedadlarını üzə çıxarır, həm də onları iş dünyası ilə tanış edir. Dünya çox sürətlə dəyişir, bəzi peşələr yox olur, yeniləri yaranır. Buna görə də gənclərin gələcəyin hansı peşələrinin perspektivli olacağını indidən dərk etməsi və öz bacarıqlarını həmin istiqamətdə inkişaf etdirməsi vacibdir.
– Layihənin maliyyələşdirilməsi necə həyata keçirilir?
– Bu layihəni sosial təşəbbüs kimi dəyərləndirmək olar. Eyni zamanda, startapımız üçün bu, müəyyən mənada marketinq fəaliyyəti rolunu da oynayır. Hazırda layihənin maliyyələşdirilməsini öz vəsaitimiz hesabına həyata keçiririk. Gələcək mərhələlərdə isə sponsorların və tərəfdaşların cəlb olunmasını planlaşdırırıq.
Layihənin əsas tərəfdaşlarından biri ASAN İnnovasiyalar Mərkəzi və ASAN Könüllüləri təşkilatıdır. Layihə onların dəstəyi və əməkdaşlığı ilə həyata keçirilir.

Bizim.Media