Kraudfandinq sahəsi ilə bağlı dələduzluğun qarşısını almaq üçün platforma operatorlarına xüsusi tələblər müəyyənləşdirilir. Platformadan istifadə edərək hansısa bir layihənin maliyyələşməsi üçün təkliflər, layihəsini təqdim edən layihə sahiblərinə məsuliyyət müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov parlamentin bugünkü iclasında "Kraudfandinq haqqında" qanunun müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, qanunda investorlar üçün mühafizə mexanizmləri qurulur, maraqların toqquşmasının qarşısını alınması üçün müvafiq bəndlər, maddələr öz əksini tapıb:
"Eyni zamanda Mərkəzi Bank tərəfindən davamlı şəkildə monitorinqin həyata keçirilməsi qanun layihəsində normalar olaraq göstərilib. Platforma operatoruna münasibətdə reyestrdə qeydiyyat tələbləri nəzərət tutulur və vətəndaş qüsursuzluğu ilə bağlı konkret müddəalar mövcuddur. Layihə sahibinə münasibətdə yoxlanma, şəffaflıq tələblərini irəli sürürük və maliyyə hesabatığını tələb olaraq layihə sahibinin üzərinə öhdəlik kimi qoymuşuq.
Layihədə investorların müdafiəsi üçün risklərin açıqlanması, vəsaitlərin mühafizəsi və investisiya limitləri kimi tələblər öz əksini tapıb.Maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib. Belə ki, operator, onun əməkdaşları və yaxınları həmin operatorun idarə etdiyi platformada layihə sahibi ola bilməzlər. Bunun məhdud iştirak və təşviqat qadağası da layihədə öz həllini tapıb".
Günay Şahmar, Bizim.Media