Bu gün 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının növbəti İLDÖNÜMÜDÜR

Zaman keçdikcə tarixin səhifələri erməni vəhşiliyinin tükürpərdən səhnələrini üzə çıxaran yeni faktlar ortaya qoyur. Üzərindən yüz ildən də artıq vaxt keçsə də, xalqımızın tarixinə qanla yazılan 1918-ci il Mart soyqırımı hadisəsi öz həqiqətləri ilə qan dondurur. “Qanlı mart” soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixinin ən dəhşətli faciələrindəndir. Daşnak-bolşevik işğalçıları əllərinə düşən fürsətdən maksimum istifadə edərək uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıb, azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədiblər. Onlar Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır.

Bizim.Media soydaşlarımızın soyqırımı ilə bağlı bir sıra faktları bir daha xatırladır.

Mart soyqırımı bilavasitə “Evelina” gəmisində müsəlman hərbçilərinin tərk-silah edilməsindən sonra əhalinin buna sərt reaksiyası ilə başlayıb. Belə ki, Lənkəranda təqribən 300 nəfərlik müsəlman alayının bir qrup əsgər və zabiti həmin diviziyada xidmət edən və silahdan istifadə zamanı ehtiyatsızlıq üzündən ölən Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün martın 27-də Bakıya gəlib. Martın 29-da onlar “Evelina” gəmisi ilə yenidən Lənkərana yola düşməyə hazırlaşarkən Bakı Soveti həmin qrupu tərk-silah etmək məqsədilə limana tərkibində çoxlu erməni olan silahlı qvardiyaçılar göndərib və dəstə tabe olmaq istəmədikdə qvardiyaçılar güclə silahları onlardan alıblar.

Hərbçilərin tərk-silah edilməsi yerli əhalinin hiddətinə səbəb olub və onlar Təzəpir məscidində, İsmailiyyə binasında toplantılar keçirərək silahların qaytarılmasını tələb ediblər. Martın 30-u saat 16:40-da Bakı Sovetində barışıq məsələsi müzakirə edilərkən bolşevik-daşnak qrupu tərəfindən təxribat törədilib və Stepan Şaumyan danışıqların dayandırıldığını elan edib. Bundan sonra bolşevik-daşnak silahlıları Bakı şəhərində qırğınlara başlayıb. Onlar hücuma keçərək azərbaycanlılar yaşayan bütün məhəllələrə basqın ediblər. Hərbi gəmilər şəhərin müsəlman məhəllələrini top atəşinə tutub. Hətta Təzəpir məscidi də həmin atəşlər nəticəsində zədələnib. İnqilabı müdafiə komitəsinin silahlı əsgərləri evlərə soxularaq azərbaycanlı əhalini qırır, evləri qarət edirdilər.

“Metropol” mehmanxanasının üstündə quraşdırılan pulemyotlardan İsmailiyyə binası atəşə tutulub. Aprelin 2-də isə İsmailiyyə binasına od vurulub. Minlərlə qoca, qadın və uşaq Mailov teatrına gətirilərək üç gün ac-susuz saxlanılıb. Bakıda martın 30-dan başlanan qırğın aprelin əvvəllərinə qədər davam edib. Şamaxıda, Lənkəranda, Qubada, Kürdəmirdə və başqa bölgələrdə də eyni ssenari təkrar olunub. Silahlı ermənilər dinc müsəlmanları qətlə yetirməklə tarixin ən ağır cinayətlərindən birini törədiblər.

Rəsmi məlumata görə, mart qırğınları zamanı 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Həmin hadisələr zamanı Azərbaycanın ziyalıları, qabaqcıl adamları Bakıda deyildilər. Onlar Tbilisidə Zaqafqaziya seyminin işində iştirak etmək üçün getmişdilər. Yalnız onlar Bakıya qayıdandan və həmin ilin mayında Azərbaycan Demokratik Respublikası qurulandan sonra bu dəhşətli qırğına qiymət vermək mümkün olub.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 Mart ümummilli matəm günü elan edilib. 1918-ci il iyulun 15-də Nazirlər Şurasının qərarı ilə həmin faciəni araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Soyqırımı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da təsis edilib. Bununla da azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın bir əsrdən çox davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilib. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190-nı kişi, 2560-ı qadın, 1277-si uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü göstərilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

1918-ci ilin ilk beş ayında Quba qəzasında 16 mindən çox insan amansızlıqla qətlə yetirilib, 167 kənd isə tamamilə dağıdılıb. Erməni-daşnak dəstələrinin orada azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Həmin hadisədən 74 il sonra tarix yenidən təkrarlanıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı həyata keçirilib. Ən müasir hərbi texnika və silahların köməyi ilə gecə vaxtı şəhərə hücum edən erməni quldurları 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı və 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Həmin dəhşətli gecədə 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yaranıb. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başlayıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verilib. Soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alıb. Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edilib.

Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda, tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır. (Azərtac)


Bizim.Media

    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran millisi FIFA-dan şikayətləndi

İran millisi FIFA-dan şikayətləndi

“Qarabağ” onu transfer etdi - VİDEO

“Qarabağ” onu transfer etdi - VİDEO

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

DÇ-2026: Belçika - İran oyunu başladı

DÇ-2026: Belçika - İran oyunu başladı

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

Elgiz yeni işə başladı

Elgiz yeni işə başladı

"Real" fransız futbolçularla yollarını ayırır

"Real" fransız futbolçularla yollarını ayırır

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

End of content

No more pages to load

RADİO