Rusiyada yaşayan bir sıra Azərbaycan ziyalıları prezident seçkisi öncəsi Azərbaycan xalqına müraciət ünvanlayıblar. “Qafqazinfo”ya daxil olan müraciət Rusiya Federasiyasının əməkdar elm xadimi və ali fəxri işçisi Şamil Munçayev, Plexanov adına Rusiya İqtisad Universiteti himayə şurasının üzvü Elçin Şahbazov, Plexanov adına Rusiya İqtisad Universitetinin professoru Namiq Əhmədov və Plexanov Moskva Xalq Təsərrüfatı İnstitutu məzunları Assosiasiyasının banisi Viktor İvanovun adından göndərilib.Moderaror.az müraciəti olduğu kimi təqdim edir:
“Əziz həmvətənlər! Harada yaşamağımızdan asılı olmayaraq milli həmrəyliyimizi qorumaq bir azərbaycanlı kimi hər birimizin borcudur. Vətəni heç nə ilə əvəz etmək olmaz. Doğma torpaqdan uzaqlarda olsaq da, onun təəssübünü çəkməli və qayğıları ilə yaşamalıyıq. Azərbaycanın problemləri az olmayıb. Yaxın keçmişdə bunu gördük. Ölkədə baş qaldıran separatizm və qarşıdirmalar yenicə müstəqilliyini qurmuş Azərbaycanı ciddi təhlükələrlə üzləşdirmişdi. Xalqı, dövləti parçalamaq istəyirdilər. Yaxşı ki, məkrli niyyətlər baş tutmadı. Yoxsa indi Azərbaycanın hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyildi. Yaddaşlarımızdan bu gün də həmin xaotik hadisələr çıxmayıb.
Ölkəni bölmək üçün bütün maraqlı qüvvələr ”“ daxildən və xaricdən səfərbər olmuşdular. O ağır anda ulu öndər Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə gətirilməsi həm Azərbaycanı təhlükələrdən sovuşdurdu, həm də xalq kimi bütövlüyümüzü və həmrəyliyimizi qoruyub saxlaya bildi. Biz buna görə o böyük dahiyə dərindən minnətdar olmalıyıq.
İnsanın şəxsiyyəti hər şeydən əvvəl müəyyən edən onun öz dövlətinə və torpağına bağlılığıdır. Unutmayaq ki, kimliyimizi tanıdan qürur mənbəyimiz müstəqil dövlətimizdir. Bizim mütəşəkkilliyimiz onun daha da möhkəmlənməsinə və inkişafına xidmət etməlidir. Lakin ayrı-ayrı adamlar ya bunun mahiyyətini dərindən dərk etmir, ya da qəsdən, öz maraqlı naminə milli həmrəyliyimizə pozuculuq fəaliyyətləri ilə zərər yetirirlər. Belələrinin əməlləri ictimai qınağa çevrilməlidir. Nə qədər gec deyil, papaqlarını qarşılarına qoyub fikirləşsinlər və nankor əməllərdən geri dursunlar. Bir önəmli məqamı da yaddan çıxarmasınlar ki, Azərbaycan artıq 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Qanunlarla idarə edilən ölkəmiz bütün mənalarda dəyişmiş, müasirləşmiş və dünya ölkələri arasında öz layiqli yerini tutmuşdur.
Biz hamılıqla prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasəti müdafiə etməliyik. Çünki onun kökündə milli və dövlət mənafelərimiz durur. Ölkəmizin gələcəyi üçün müəyyən olunmuş bu strateji xəttin ətrafında qüvvəmizlə birləşməli, iqtidarımıza dəstəyimizi əsirgəməməliyik. Əsl həmrəyliyi, yurda bağlılığı biz bunda görür və bütün həmvətənlərimizi prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırırıq”.