Təxminən üç gün bundan öncə Bakının Binəqədi rayonunda “avaralıqla” məşğul olan üç qadının polis tərəfindən saxlanılması ilə bağlı xəbər əksər KİV orqanlarında yer alsa da, məsələnin əsl mahiyyəti haqqında heç bir şərh, heç bir fikir bildirilmədi. Media bu olaydan adi və heç bir xüsusi önəm kəsb etməyən bir hadisə kimi bəhs etdi. Halbuki, “avaraların” həbsi xəbərinə yalnız ölkə mediası deyil, bu ölkədə məskunlaşan hər bir şəxs, hər bir ictimai-siyasi fəal aydın və birmənalı münasibət ifadə etməli idi. Çünki...
Öncə qeyd edək
ki, rəsmi qurumların məlumatdan göründüyü kimi, sözügedən qadınlar avaralıq və
dilənçilik etdikləri üçün həbs edilib. Yəni, bu üç şəxsin adıçəkilən bu iki əməl
xaricində heç bir suçu olmayıb. Belədirsə, o zaman məlum olay avtomatik olaraq
bir neçə sualı aktuallaşdırmış olur.
Barmaqla
sayılacaq qədər belə fabrik-zavodların, istehsalat müəssisələrinin
olmadığı, işsizliyin xalqın gündəlik həyatının ayrılmaz tərkib hissəsinə
çevrildiyi, milyonlarla insanın aclıq səbəbi ilə ölkəsindən qaçaq düşdüyü Azərbaycanda
avara olmaq, dilənçiliklə məşğul olmaq hansı məntiqlə suç sayıla bilər? Bir ölkədə
ki, onilliklər uzunudur ki, iş yerləri açılmır, istehsalat obyektləri inşa edilmir,
azad ticarət və biznesə belə qadağa qoyulur, belə bir ortamda insanların
avaraçılıq etməsindən, dilənçiliklə məşğul olmasından təbii nə ola bilər?
Insanları olmayan müəssisələrdə, iş yerlərində işləməməyə görə hansı sağlam məntiq
və dərrakə ilə ititham etmək olar? Bir şəxsi mövcud olmayan müəssisədə işləmədiyinə
görə ittiham etməklə ondan nəfəs almadan sağ qalmağı tələb etmək arasında nə fərq
var ? Və ən əsası, nəticə olaraq avarıçılıq və dilənçilik etməyə məcbur olan
insanlar məsuliyyətə cəlb edilirsə də, niyə bu nəticəni doğuran səbəblər
araşdırılmır, səbəbkarlar məsuliyyətə cəlb edilmir? Axı məntiqlə kiminsə əməlində
cinayət tərkibi, qanun pozuntusu varsa, onu buna təhrik edənşəxs və ya şəxslər
də məsuliyyətə cəlb edilməlidir. Hansı ki, iş yerlərinin qəhətə çəkildiyi Azərbaycan
bu təhrikçi qüvvənin kimliyi hər kəsə məlumdur və əgər bu gün kimsə avaraçılıq,
dilənçilik etdiyi üçün həbs edilirsə, bunun məsuliyyəti birmənalı şəkildə
hakimiyyətin üzərinə düşür. O hakimiyyətin ki, insanları illər uzunu ac saxlayaraq
onları bəzi hallarda mənəvi baxımdan sındırmağa, avaralıq və dilənçiliklə məşğul
olmağa vadar edir.
Bəli, bu gün
bütün dünyada ucuz işçi qüvvəsinin vətəni kimi tanınan, iş yerlərinə Uçan Naməlum
Obyektlər qədər nadir hallarda rast gəlinən Azərbaycanda, paranormal hadisələr
ölkəsində avaralıq hüquqi məsuliyyət kəsb edən bir hadisə hesab edilir.
Halbuki, 20 ildən çoxdur ki, aparılan siyasətin sadəcə üç-beş nəfəri deyil,
bütöv bir xalqı avara qoyduğu göz önündədir. Bu gün insnaların böyük əksəriyyəti
işsizdir və ya formal olaraq işlə təmin edilib. Əhalinin işləyən təbəqəsinin
belə önəmli bir hissəsinin əsgəri maaş hesabına dolandığı, öz minimal
ehtiyacını qarşılamaq üçün min bir vasitəyə əl atdığı hər kəsə məlumdur. Belə
olan halda sadəcə üç qadının deyil, bütün xalqın avara bir toplum kimi məsuliyyətə
cəlb edilməsi zərurəti yaranır. Odur ki, güc orqanlarının ayrı-ayrı adamları məsuliyyətə
cəlb etməsi deyil, Azərbaycanın bütün sərhəd-buraxılış məntəqlərini bağlayaraq
ölkəni nəhəng “zon” elan etməsi daha məntiqli görünər. Ən azından insanlar
“elliklə gələn toy-bayramdır” deyə düşünüb avaralığa görə məsuliyyətə cəlb
olunduqları, media səhifələrinə çıxdıqları üçün utanmazlar. Bu, güc
orqanlarının da işini əhəmiyyətli dərəcədə asanlaşdırır və onları gün uzunu
avara axtarışına çıxmaq zəhmətindən azad edər. Bu, həm hakimiyyət, həm də xalq
üçün sərfəli olan bir addım olar. Və ümid edirik ki, bu günə qədər öz
maraqlarına uyğun olan hələ heç bir məqamı gözdən qaçırmayan hakimiyyət, bu təklifi
də lazımınca dəyərləndirərək xalqın xidmətində dayandığını növbəti dəfə sübut
edəcəkdir.
Elçin Mirzəyev