Türkiyə Dəyanət Vəqfinin baş direktoru İzani Turan, o cümlədən onun müavinləri Rəcəb Şükrü Balkan və Fatih Kayacan Qəzza üçün toplanan ianələrin investisiya fondlarına yatırılması ilə bağlı qalmaqaldan sonra vəzifələrindən azad ediliblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily İslamist” məlumat yayıb.
Üstəlik, baş direktor və müavinlərinin əmək pensiyasından əlavə vəqf büdcəsindən aylıq vəsait aldıqları da üzə çıxıb.
“Odak” qəzetinin yazdığına görə isə Qəzzaya göndərilən ianələr məsələsindəki qalmaqalla bağlı Vəqf daxilinda araşdırmalar davam edir.
Fondlara yatırılan ianələlər necə “yoxa çıxmışdı”?
Xatırladaq ki, Qəzza üçün toplanan ianələrin investisiya fondlarına yatırılması Türkiyədə böyük qalmaqala səbəb olmuşdu.
Belə ki, Türkiyə Dəyanət Vəqfi Qəzza və Fələstin başda olmaqla, ehtiyac sahibləri üçün toplanmış ianə və zəkat vəsaitlərinin bir hissəsini investisiya fondlarına yönəldib. Bu addımın vəsaitləri inflyasiyadan qorumaq məqsədi daşıdığı bildirilib.
Lakin maliyyə bazarlarında baş verən dəyişikliklər fonunda fondlardakı payların azaldılması qərarı verilib. Türkiyə mətbuatının məlumatına əsasən, Diyanət İşləri naziri Safi Arpaguşun göstərişindən sonra investisiya fondlarından çıxış prosesinə başlanılıb. Məhz bu proses zamanı vəsaitlərin həcmi ilə bağlı diqqətçəkən rəqəmlər ortaya çıxıb.
“Sözcü” qəzetinin məlumatına görə, Dəyanət Vəqfinin müvafiq investisiya fondundakı paylarının sayı 31 avqust 2026-cı ildə 1 milyard 228 milyon 259 min 509 olduğu halda, sentyabrın 29-da 637 milyon 622 min 159-a düşüb. Beləliklə, fond paylarının sayı təxminən 48,1 faiz azalıb.
Həqiqət üzə çıxanda...
Hadisə geniş rezonans doğurduqdan sonra oktyabrın 9-da Türkiyə Diyanət Vəqfinin məsələ ilə bağlı yaydığı açıqlamasında maliyyə vəsaitlərinin dəyər itirməsi, faizli maliyyə alətlərində yerləşdirilməsi və fond bazarına yatırımlar barədə xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub.
Lakin Vəqfin rəhbər şəxslərinin vəzifədən azad edilməsi, açıqlamanın həqiqəti əks etdirmədiyinin əyani sübutudur.
Onu da qeyd edək ki, qalmaqalın diqqətçəkən məqamlarından biri vəsaitlərin investisiyaya yönəldilməsinin Dəyanətin özünün dini qərarı ilə ziddiyyət təşkil etməsi idi.
Belə ki, Türkiyə Dəyanət İşləri Nazirliyinin nəzdində fəaliyyət göstərən Din İşləri Ali Şurası 23 mart 2022-ci il tarixli qərarında zəkat vəsaitlərinin ehtiyac sahiblərinə çatdırılmadan gəlir əldə etmək məqsədilə investisiyaya yönəldilməsinin caiz olmadığını bildirib.
Qərarda zəkatın mümkün qədər gecikdirilmədən haqq sahiblərinə çatdırılmasının vacibliyi vurğulanıb. Həmçinin vəsaitlərin investisiya məqsədilə istifadəsinin maliyyə itkisi riski yaratdığı, belə bir vəziyyətdə ehtiyac sahiblərinə çatmalı olan pulun itirilə biləcəyi qeyd olunub.
Bizim.Media