Xəbər verdiyimiz kimi oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Gecikmiş zəng zədələnən qardaşlığımızı sağalda biləcəkmi?
Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın telefon zəngini Azərbaycan xalqı çoxdan gözləyirdi. Çirkin kampaniyanın başladığı elə ilk gündən… Amma Türkiyə liderinin telefonu susdu.
Azərbaycan xalqı isə bundan təəccüblənir və təəssüflənirdi. Çünki iki qardaş arasına nifaq toxumu səpilirdi. Və ən pisi də bu nifaqın toxumları Türkiyənin siyasi dairələrində yetişdirilmişdi. Halbuki bu nifaq toxumları cücərsə, boy versə, bundan təkcə Azərbaycan-Türkiyə qardaşlığı zərər görməyəcəkdi, bütövlükdə Türk dünyası və İslam aləmi zərbə alacaqdı.
“Qılınc yarası sağalar, söz yarası sağalmaz”
Atalarımızın bu sözü tarixin sınaqlarından çıxıb. Və təkrar-təkrar sübut olunub ki, söz yarası ölənə qədər sağalmır. Ona görə də Türkiyə tərəfindən Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə və ən nəhayət Azərbaycan-Türkiyə qardaşlığına edilən hücum hər birimizin qəlbində sağalmaz yara açdı. Ən pisi də odur ki, bu çirkin kampaniya Türkiyə hakimiyyəti, daha konkret desək, Prezident Ərdoğana ən yaxın şəxslər tərəfindən aparılırdı. Prezidentin müşaviri, AKP-çi deputatlar və digər rəsmi şəxslər Azərbaycana qarşı şər-böhtan kampaniyasına rəhbərlik edirdilər.
Hakimiyyətin ideoloji xəttini yürüdən Anadolu Agentliyi, TRT, Sabah, Hürriyet, NTV, Habertürk və digər media qurumları kampaniyanın ön sırasında yer almışdı.
Məgər səslənən bu böhtanları, atılan çirkabları Türkiyə hakimiyyəti görmürdü, eşitmirdi?! Təbii ki, görürdü və eşidirdi, amma siyasi ambisiya qardaşlıqdan, ədalətdən önə keçmişdi.
Bəli, Azərbaycan xalqı çox qəzəblidir. Ona görə ki, son bir ayda Mustafa Kamal Atatürkün və Heydər Əliyevin vəsiyyəti və bəyanı siyasi ambisiyalara qurban verildi. Necə deyərlər bir “malades” üçün bir andaca bütün müqəddəs dəyərlər ayaqlar altına atıldı.
Dəydimi?..
Bu gün Azərbaycan Prezidentinə “qardaşımız” deməklə vurulan yara sağalmır, bir telefon zəngi ilə heç nə unudulmur.
Son hadisələr göstərdi ki, Türkiyənin hakim dairələrində Azərbaycana qarşı səsləndirilən “qardaşlıq” fikirləri siyasi manipulyasiya aləti imiş. Və istənilən anda qardaş … çıxırmış.
Azərbaycan xalqı bu vaxtadək Türkiyə tərəfindən ünvanımıza səslənən çox böhtanlara fikir verməyib, diqqətə almayıb. Amma bu dəfə mənzərə tam fərqlidir. Çünki Türkiyədə ölkəmizə qarşı aparılan şər kampaniyasının coğrafiyası kifayət qədər geniş idi. Ən pisi də odur ki, bu böhtan kampaniyası hakimiyyət tərəfindən dəstəkləndi.
Ən ağrılı tərəfi də odur ki, Türkiyə hakimiyyətinin bu yanlışlığı düşmənin dəyirmanına bolluca su tökdü. Bunun nəticəsidir ki, son günlər Ermənistan, İran, Yunanıstan mətbuatı və ictimai fikri Türkiyə tərəfindən aparılan iyrənc kampaniyaya həvəslə qucaq açır və geniş müzakirələr aparır.
Bu xəcalət yükünü kimin boynuna yazaq, cənab Ərdoğan?
Vallah “keçdi” deməklə heç nə keçmir. Son bir ayda yazılanlar, ölkəmizin daxili işlərinə qarışmaq təşəbbüsü tarixdə ləkə kimi qalacaq. Və zaman-zaman düşmənin əlinə dəyənək verəcək, bizlərinsə yarasını yenidən qanadacaq.
Anadoluda deyirlər ki, “qardaş qardaşı bıçaqlar, sonra dönüb qucaqlar”. Bəli bıçaq yarası gedər. Amma söz yarası getməz!
Bir Azərbaycan şairi deyir ki, “düşməninə də nakişilik etmə, birdən barışarsan, peşiman olarsan”. Bu gün Türkiyənin rəsmi dairələrində həmin peşimançılığı görürük. Amma sonrakı peşimançılıq çox zaman fayda vermir. Çünki “olmuşla ölmüşə çarə yoxdur”. Bu da sizin ata sözünüzdür
Cinayətkarların cəzalandırılması bəlkə bir az qəzəbimizi soyudar
Bəli, Azərbaycan xalqı da, onun lideri də müdrikdir. Olanların hesabını çəkməzlər. Amma bu o demək deyil ki, bir telefon zəngi ilə hər şey bitdi, hər şey yaddan çıxdı. Əsla!
Bu gün Azərbaycan xalqı onu gözləyir ki, xalqımıza, dövlətimizə və qardaşlığımıza qarşı aparılan şər-böhtan kampaniyasının təşkilatçıları və aparıcı şəxsləri məsuliyyətə cəlb olunsun. Çünki cinayət cəzasız qalanda dövlətin və qardaşlığın əsasları zədələnir.
Cinayətkarların cəzalanması bir də ona görə lazımdır ki, düşmənlər görsün ki, Azərbaycanla Türkiyə sözün tam mənasında qardaşdır. “Ətlə dırnaq arasına girənlər”sə iylənib çıxır. Yəni cəmiyyətdən kənarlaşdırılır.
Bax, sizdən bu ədalətli addımı gözləyirik, cənab Ərdoğan!
Bizim.Media-nın analitik qrupu