Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb.
Bizim.Media xəbər verir ki, aktyor bu haqda “Qonaqcanlı” proqramında söz açıb.
O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:
“Saç ağartmaqdan qorxanlar var, gedib saçlarını qaraldırlar. Bu, mənim keçdiyim ömrümdür, yaşadığım hər günümdür. Yaşadığın həyat izini üzündə, boynunda, saçında qoyur. Əsas odur ki, sən özündən sonra nə qoyub gedəcəksən. Bu gün arzum ailəm, balalarım, nəvələrimlə bağlıdır. Onların əlindən tutub məktəbə aparım, evə gətirim. 70 yaşdan sonra ən böyük arzum budur”.
Aktyor sənət yolunda qarşılaşdığı çətinliklərdən də söz açıb. O, atası tərəfindən qəbul edilmədiyini və onunla barışa bilmədiyini bildirib:
“Səhnəyə tək gəldim. Sonra da atam tərəfindən qəbul olunmadım. Atam dünyasını dəyişdi, amma mənimlə danışmadı. Çalışıram ki, ruhu mənimlə barışsın. Ömrümü boşa yaşamadım. 70 yaşım var, ömrümün 53 ilini sənətdə olmuşam”. (axsam.az)
Bizim.Media