Demokratiyanın mahiyyəti yalnız seçkilərin keçirilməsindən ibarət deyil. Demokratiya həm də xalqın iradəsinə hörmət, cəmiyyətin etirazlarını dinləmək, parlamentlə hesablaşmaq və hakimiyyətin özünü qanundan üstün tutmamasıdır. Məhz bu meyarlar Fransa Prezidenti Emmanuel Makronun siyasi idarəçilik üsluna münasibətdə ciddi suallar doğurur.
Makron özünü demokratik Avropanın əsas liderlərindən biri kimi təqdim edir. Hətta ilk dəfə prezident seçkilərinə qatılanda vəd vermişdi ki, Fransanı əvvəlki şöhrətinə və iqtisadi qüdrətinə qaytaracaq. Lakin onun hakimiyyəti dövründə Fransada yaranan siyasi gərginlik, kütləvi etirazlar və hökumətin sərt qərarları ölkənin demokratiya bəyanları ilə real idarəçilik praktikası arasındakı ziddiyyətləri üzə çıxardı. Beləcə, Makron ötən dövrdə daha çox avtoritar idarəçi kimi yaddaşlarda qaldı.
MÖVZU İLƏ BAĞLI:
Xalqa vəd edilən azadlıq, küçələrdə POLİS DƏYƏNƏYİ
Parlamentlə hesablaşmayan hakimiyyət
Makronun idarəçilik modelinə yönələn əsas tənqidlərdən biri qərarların qəbulunda avtoritar addımlarıdır. Məsələn, Fransanın Konstitusiyasının 49.3-cü maddəsi hökumətə müəyyən qanun layihələrini, o cümlədən büdcə layihəsini, parlamentdə adi səsvermə olmadan qəbul etdirmək imkanı verir. Bu mexanizm qanunidir, lakin ondan təkrar-təkrar istifadə isə artıq siyasi riyakarlıq, sui-istifadə və avtotarizmidir.
Makron hakimiyyətdə olduğu müddətdə qanunlardakı boşluqlardan istifadə edərək istədiyini həm parlamentə, həm də hökumətə diqtə edib.
Məsələn, 2023-cü ildə pensiya yaşının qaldırılması ilə bağlı islahatın parlamentdə yekun səsvermə keçirilmədən qəbul edilməsi geniş etirazlara yol açdı. Müxalifət və həmkarlar ittifaqları hökuməti cəmiyyətin iradəsini nəzərə almamaqda ittiham etdilər. Ancaq Makron geri çəkilmədi. Öz istədiyini diqtə etdi.
Xatırladaq ki, qanunvericiliyin imkanlarından istifadə etmək başqa, həmin imkanları siyasi alətə çevirmək tamam başqa bir şeydir. Birinci hüquqi prosedurdursa, ikinci demokratik idarəçiliyi ayaqlar altına atmaqdır. Makron da hakimiyyətdə olduğu 8 ildə ancaq bədnam idarəçiliyi ilə yadda qalıb.
Xalq cəmi bir il sonra yanıldığını bildi.
Emmanuel Makron 2017-ci ildə hakimiyyətə gələndə xalqa pro-biznes islahatlar vəd edirdi. Lakin hakimiyyətə gəlməsindən az sonra verdiyi vədləri unutdu və xalqın cibinə göz dikdi. Buna ilk etirazlarsa 2018-ci ildə başladı. Yanacaq vergilərinin artırılmasına “Sarı jiletlilər” hərəkatı başladı. Bütün ölkəni bürüyən etirazlar qarşısında Makron geri çəkildi. Gərginliyi azaltmaq üçün vergi güzəştləri və sosial ödənişlərə 10 milyard avrodan çox vəsait ayrıldı. Amma 10 milyard avronun xərclənmə istiqaməti barədə xalqa səhih məlumat verilmədi. Təsadüfi deyil ki, o zaman Fransada və xarici ölkələrdə bu layihəni dünyanın ən böyük korrupsiya əməliyyatı kimi qiymətləndirildi.
Sonrakı illərdə pandemiya və enerji böhranı Fransada vəziyyəti daha da pisləşdirdi. 2020–2022-ci illərdə pandemiyanın təsirini yumşaltmaq və iqtisadiyyatı stimullaşdırmaq üçün təxminən 190 milyard avro xərcləndi (?). Enerji böhranı dövründə isə əlavə olaraq təxminən 72 milyard avro sərf olundu. Bu da dövlətdə uzunmüddətli maliyyə yükü yaratdı. Nəticədə dövlət borcu və büdcə kəsiri kəskin artdı. Son məlumatlara görə, Fransanın dövlət borcu ÜDM-ə nisbətdə 113–119 faiz civarında dəyişir. Büdcə kəsiri isə 5 faizdən yuxarıdır.
Bu da Avropa İttifaqının 3 faizlik hədəfindən xeyli uzaqdır
Makron erasının ən böyük fiaskolarından biri də daxili təhlükəsizlik və immiqrasiya siyasətində yaşandı. Fransanın şəhər ətraflarında və miqrantların sıx yaşadığı mərkəzlərdə inteqrasiya problemləri illərlə toplanaraq kütləvi xaosa çevrildi. Xüsusilə Paris regionunun şimal-qərbində yerləşən və miqrant əhalinin sıx məskunlaşdığı Asnières kimi şəhərlər bu böhranın mərkəzinə çevrildi.
Lisey şagirdlərinin təhsil ixtisarlarına qarşı başlatdığı etirazlar zamanı Asnières polislə şiddətli toqquşmaların, qurulan barrikadaların və yanğınların əsas ocağına çevrilərək dövlətin nəzarəti necə itirdiyini göstərdi. Şəhərlərdə maşınların və dövlət binalarının yandırılması ilə müşayiət olunan mitinqlər Makron hökumətinin daxili asayişi qorumaqdakı acizliyini və ölkədəki sosial parçalanmanın nə dərəcədə dərinləşdiyini nümayiş etdirdi.
2022-ci ildən sonra parlamentdə mütləq çoxluğun itirilməsi və 2024-cü ildəki erkən seçkilər siyasi parçalanmanı daha da dərinləşdirdi.
Bitməyən hökumət böhranları
Nəzərə alaq ki, Fransa tarixində ən çox hökumət dəyişikliyi məhz Makronun prezidentliyi dövründə olub. Makronun yarıtmaz siyasəti Fransanı iqtisadi çöküşə və beynəlxalq aləmdə siyasi etimadsızlığa yuvarlasa da o, kreslosunu xilas etmək üçün hansısa hökumət üzvünü qurban verib.
Hazırda Fransa digər Avropa dövlətləri ilə müqayisədə daha yavaş böyüyür, borc yükü və daxili xaos isə artmaqda davam edir. Bu vəziyyət təkcə Paris üçün deyil, bütün avrozona üçün risk yaradır.
Fransanın bu vəziyyətə düşməsininsə səbəbi islahatların yarımçıq qalması, sosial və immiqrasiya təzyiqlərinə qarşı acizlik nümayiş etdirilməsi, xarici siyasətdə strateji tərəfdaşların itirilməsi və böhran xərclərinin vaxtında azaldılmamasıdır.
Bıçaq sümüyə dirənəndə
Makronun yarıtmaz siyasəti və ambisiyaları Fransanı, dolayısı ilə Avropa İttifaqını çətin duruma salıb. Təsadüfi deyil ki, oktyabr ayı bütövlüklə Fransa üçün ən ağır dönəm olub. Əvvəlcə 2026-cı il büdcə düzəlişlərinə və layihəsinə qarşı etirazlar başladı. Deputatlar Makron hökuməti tərəfindən hazırlanan büdcə layihəsinin rədd etdi. Eyni zamanda, hökumətin hazırladığı 2027-ci il büdcə proqnozları nəinki Milli Assembleyada, eləcə də xalq arasında kəskin etirazlar səbəb oldu.
Bunun ardınca, oktyabrın 13-də Fransada şagirdlərin, tələbələrin və təhsil İşçilərinin tətilləri başladı. Oktyabrın ilk günlərindən etibarən məktəblilərin iştirakı ilə başlayan iğtişaşlar genişlənib. 13 oktyabr tarixində təhsil sektorunun işçiləri, tələbələr və şagirdlər birləşərək kütləvi tətil və yeni etiraz dalğasına start veriblər.
Bunun ardınca yanacağın bahalaşması və alıcılıq qabiliyyətinin azalmasına qarşı aksiyalar başladı. Oktyabrın 17-də Paris, Lion, Nant və Renn kimi böyük şəhərlərdə on minlərlə insan küçələrə axışaraq Makronun yarıtmaz siyasətinə etiraz səslərini ucaltdılar.
Xalqın etirazına laqeyd münasibət
Makronun prezidentliyi dövründə pensiya islahatı, “sarı jiletlilər” hərəkatı və digər etirazlar dövlətlə cəmiyyət arasındakı münasibətlərin nə qədər gərginləşə bildiyini göstərdi. İnsan hüquqları təşkilatları Fransada bəzi etirazların dağıdılması zamanı polis zorakılığı, ifadə və toplaşmaq azadlıqlarına qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarını ifadə ediblər.
Human Rights Watch təşkilatının Fransaya dair 2026-cı il üzrə hesabatında da vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının daralması, etirazların polis tərəfindən sərt şəkildə qarşılanması və demokratik institutlara inamın zəifləməsi ilə bağlı problemlər qeyd olunur.
Korrupsiyalaşmış hakimiyyət
Makronun hakimiyyəti dövründə onun hökuməti və yaxın ətrafı bir çox maliyyə maxinasiyaları, rüşvət və korrupsiya qalmaqalları ilə tez-tez gündəmə gəlir. Təsadüfi deyil ki, onun 2017-ci ildə hakimiyyətə gəlişindən bəri onlarla nazir və yüksək rütbəli məmur müxtəlif siyasi-hüquqi araşdırmaların hədəfi olub.
Məsələn, Makronun 2017-ci il seçki kampaniyası zamanı ABŞ-nin məşhur McKinsey & Company konsaltinq şirkətindən qeyri-qanuni maliyyə dəstəyi aldığı faktı üzə çıxmışdı. Seçkilərdən sonra Makron hökumətinin bu şirkətə böyük məbləğdə tenderlər verməsi qaranlıq əlaqələrlə bağlı şübhələri daha da artırmışdı.
Makron prezidentliyinin əvvəlində dürüstlük prinsiplərini bəyan etsə də, onun komandasından olan bir çox nazir (məsələn, Fransua Bayru) qeyri-qanuni maliyyələşmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə üzləşiblər.
Makronun hələ İqtisadiyyat və Maliyyə naziri olduğu dövrdə, Las-Veqasda keçirilən bir tədbirin təşkili üçün tender keçirmədən bir reklam firmasını seçdiyi və vergi bəyannamələrində qeyri-dəqiqliklərə yol verdiyi iddiaları Fransada qalmaqala səbəb olmuşdu.
Makronun keçmiş təhlükəsizlik müşaviri Aleksandr Benalla və onunla əlaqəli şəxslərin adları beynəlxalq sanksiyada olan şəxslərdən hüquqi xidmət müqavilələri adı altında şübhəli vəsaitlər və rüşvət almaq iddialarında hallanır.
Bu hadisələr və daxili siyasətdəki uğursuzluqlar Fransa ictimaiyyətində hökumətin şəffaflıq imicinə ciddi zərbə vurub və ölkədə vaxtaşırı baş qaldıran sosial-siyasi böhranları daha da dərinləşdirib.
Ayr-seçkilik və dözümsüzlük
Rəsmi məlumatlara əsasən, Fransada 2024-cü ildə irqçi, antisemit, ksenofob və ya dinə qarşı yönəlmiş hüquq pozuntularının sayı kifayət qədər yüksək olub. Yəni 9 350 insident. Bu, 2023-cü illə (8 428 hadisə) müqayisədə 11 faizlik artım deməkdir.
İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyası (CNCDH) qeyd edib ki, baş vermiş hadisələrin rəsmi orqanlara bildirilməməsi (gizli qalması) ciddi problem olaraq qalmaqdadır. BMT-nin İşgəncələrə Qarşı Komitəsi (BMT İƏK) Fransa ilə bağlı yekun müşahidələrində hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq güc və pis rəftarla bağlı çoxsaylı iddialarla bağlı dərin narahatlıq ifadə edib ki, bu da Afrika və Ərəb əsilli şəxslərə və qeyri-vətəndaşlara qeyri-mütənasib şəkildə təsir göstərir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən ilin iyununda verdiyi qərarda Fransanı polis tərəfindən təkrar şəxsiyyət yoxlamaları aparılması səbəbindən irqi profilləşdirməyə görə qınayıb.
Makron siyasi qətllərin sifarişçisi kimi...
Fransanın sağ mərkəzçi Les Républicains partiyasının üzvü Olivier Marleix bu yaxınlarda evində ölü tapılıb. Hadisə rəsmi olaraq intihar kimi qeydə alınsa da, onun hakimiyyətin siyasətini tənqid etməsi və bir neçə ay əvvəl Makron hökumətini ittiham edən çıxışları bu ölüm hadisəsinə şübhəli çalarlar qatır.
Ondan öncə isə Makronla şəxsi tanışlığı olduğu iddia edilən plastik cərrah Fransua Fevre pəncərədən yıxılaraq ölüb. Onun ailəsi intihar versiyasını rədd edib və məhkəmə tibbi ekspertizasının nəticələri suallar doğurub. İki ölüm hadisəsinin qısa zaman fərqilə baş verməsi və hər ikisinin birbaşa və ya dolayı yolla Makron ailəsi ilə əlaqələndirilməsi Fransada azad söz və təhlükəsiz siyasi fəaliyyət mühitinin olmadığının göstəricisidir.
Avropa liderlərinin məsuliyyətsizliyi
Təbii ki, Fransada baş verənlər təkcə Makron diktaturasının deyil, bütövlükdə Avropa Parlamenti, Avropa Komissiyasının və digər bürokratların indiyədək yürütdüyü məsuliyyətsiz siyasətin nəticəsidir. Doğrudur, Avropa liderləri çox zaman Makronla eyni ortamı bölüşmək istəməyiblər.
Xüsusilə Fransa daxilində yaşanan siyasi böhranlar, kütləvi etirazlar və reytinq itkisi Makronun beynəlxalq arenada və Avropa İttifaqı (Aİ) daxilindəki təsir gücünü əhəmiyyətli dərəcədə zəiflədib. Makronun Avropa miqyasında liderlik ambisiyalarına ən böyük zərbələrdən biri 2026-cı ilin sentyabrında qeydə alınıb. Fransa prezidentinin Roma Papasının ölkəyə səfəri çərçivəsində Mets şəhərində avropalı liderləri bir araya toplamaq təşəbbüsü puç olub. Avropanın ən aparıcı fiqurları Makronun dəvətini geri çeviriblər.
Bir sözlə bu gün Fransada baş verənlər insanlıq və demokratiya adına bir ləkədir. Ən pisi də odur ki, belə bir ölkə və belə bir lider dünyaya insani dəyərlərdən və demokratik prinsiplərdən moizə oxuyur. Bu acı reallıqsa təkcə Fransanın yox, həm də Avropanın əsl simasını dünyaya göstərir.
Makronun seçkiöncəsi planı
Bütün bu proseslər fonunda Makron diktaturasının xüsusi xidmət orqanları və agenturası dinc nümayişçilərə qarşı məqsədli təxribatlar törətməsi heç də təsadüfi deyil.
Belə ki, meydanlara salınan, xüsusi təlim keçmiş və öyrədilmiş radikal qruplar qarətlər, yanğınlar və iğtişaşlar törədərək dinc tələbələrin və işçilərin haqlı etirazlarını kölgədə qoymağa çalışırlar. Dövlət tərəfindən idarə olunan bu vandallıq ssenarisinin əsas məqsədi xalqda qorxu yaradaraq dinc etirazçılara qarşı nifrət formalaşdırmaq və polis zorakılığına hüquqi bəraət qazandırmaqdır.
Bu plan birbaşa olaraq Makronun siyasi reytinqinin rekord həddə enməsi ilə bağlıdır. Hakimiyyət bu yolla ölkəni xaosa sürükləyib seçki ərəfəsində hərbi və ya fövqəladə vəziyyət elan etməyə hazırlaşır. Bu isə onu deməyə əsas verir ki, Fransanı qarşıdakı aylarda daha çətin günlər gözləyir.
Surxay Atakişiyev, Bizim.Media