Bu gün, oktyabrın 8-də Türkmənistanın Avaza Milli Turizm Zonasında Mərkəzi Asiya dövlətləri və Azərbaycanın iştirakı ilə ilk sammit keçirilir.
Bizim.Media-nın məlumatına görə, beş Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın yaratdığı format artıq “C5” deyil, Azərbaycanın tamhüquqlu iştirakı ilə “C6” formatına çevrilib. Bu, Bakının Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilir.

Azərbaycanın bu formata qoşulması 2025-ci ilin noyabrında Daşkənddə keçirilən görüşdə qərara alınıb. Prezident İlham Əliyev isə 31 iyul 2026-cı ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən görüşdə ilk dəfə qonaq kimi deyil, formatın tamhüquqlu üzvü kimi iştirak edib. Əliyev Azərbaycanın bundan sonra mexanizmdə fəal iştirak edəcəyini bildirib.Sammitin gündəliyinə regional təhlükəsizlik və sabitlik, siyasi-diplomatik əməkdaşlıq, iqtisadiyyat və logistika, enerji, ətraf mühit, su ehtiyatları, Aral dənizi problemi, elm, təhsil və humanitar əlaqələr daxildir.
Azərbaycan üçün isə sammitin ən mühüm istiqamətləri nəqliyyat, enerji və Xəzər olacaq. Bakı Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin əsas həlqəsidir. Mərkəzi Asiyadan gələn yüklərin Xəzər üzərindən Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması Bakının regional tranzit əhəmiyyətini artırır. Prezident İlham Əliyevin sözlərinə görə, bu göstəricilər Azərbaycanla Mərkəzi Asiyanın faktiki olaraq vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırdığını göstərir. Bakı artıq regionun beş dövlətinin kənar tərəfdaşı deyil, yeni “C6” formatının tamhüquqlu iştirakçısıdır.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlaması zamanı Azərbaycanın bu təşkilatda iştirakının mühüm hadisə olduğunu konkret faktlarla açıqladı: “Türkmənistanın Avaza Milli Turizm Zonasında keçiriləcək Mərkəzi Asiya dövlətləri və Azərbaycan sammiti son illərdə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində baş verən struktur və keyfiyyət dəyişikliklərinin siyasi nəticəsi kimi qiymətləndirilə bilər. Beş Mərkəzi Asiya dövlətinin – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın formalaşdırdığı “C5” mexanizminin Azərbaycanın tamhüquqlu iştirakı ilə “C6” formatına çevrilməsi Bakının Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla geniş bir çoxğarfiyada cərəyan edən proseslərin mühüm, həmçinin siyasi, iqtisadi və təhlükəsizlik bağı yarada bilən, üstün koordinasiyaedici funksiyaya malik, məsuliyyətli, etimadlı aktor kimi qəbul edildiyini göstərir. “C5”dən “C6”ya keçid coğrafi genişlənmədən daha çox, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və geoiqtisadi əlaqələrin institusionallaşması deməkdir. Azərbaycanın bu prosesdə iştirakı isə həmin əlaqənin əsas sütunlarından birini formalaşdırır. Bu baxımdan, Azərbaycanın 2025-ci ilin noyabrında Daşkənddə keçirilən görüşdə formata qoşulması və 31 iyul 2026-cı ildə Çolpon-Atada keçirilən görüşdə tamhüquqlu üzv kimi iştirak etməsi təsadüfi hadisə sayıla bilməz. Bu, Bakının son illərdə Mərkəzi Asiya istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir”.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiyadakı mövqeyinin güclənməsini ilk növbədə ölkənin bu dövlətlərlə münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmaması ilə izah etmək lazımdır:
“Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında münasibətlər iqtisadiyyat, energetika, nəqliyyat, logistika, rəqəmsal bağlantılar, investisiya, mədəni-humanitar əməkdaşlıq və təhlükəsizlik kimi çoxsaylı istiqamətləri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilib. Bu prosesdə Azərbaycanın üstünlüyü onun coğrafi mövqeyində olduğu qədər, Prezident İlham Əliyevin bu coğrafiyanı siyasi və iqtisadi imkanlara çevirmək məharətindədir. Mərkəzi Asiyanın dövlətləri üçün Azərbaycan Avropaya çıxış imkanlarını genişləndirən ölkədir. Azərbaycan üçün isə Mərkəzi Asiya yalnız enerji və xammal resursları ilə zəngin region olmaqla yanaşı Avrasiya nəqliyyat və logistika sisteminin yenidən qurulmasında mühüm tərəfdaşdır. Bu, qarşılıqlı maraq münasibətləri klassik “Azərbaycan - Mərkəzi Asiya” ikitərəfli əməkdaşlığı çərçivəsindən çıxararaq daha böyük geoiqtisadi layihənin tərkib hissəsinə çevirir”.

Deputat qeyd etdi ki, bu baxımdan Orta Dəhlizin xüsusi əhəmiyyəti var:
“Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycan ərazisindən keçməklə Xəzər hövzəsini Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirir. Bu marşrutun inkişafı Azərbaycanın tranzit ölkə statusunu sadəcə coğrafi üstünlükdən real iqtisadi və geosiyasi təsir alətinə çevirir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan özünün nəqliyyat dəhlizlərinin qovuşduğu, enerji və kommunikasiya xətlərinin birləşdiyi regional bağlantı mərkəzi kimi mövqelərini daha da möhkəmləndirərək, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyan geoiqtisadi amilə çevirir. Məhz buna görə C6 formatında Azərbaycanın iştirakı Mərkəzi Asiya dövlətləri üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki bu format Mərkəzi Asiyanın qərbə çıxışını təmin edən infrastrukturu siyasi dialoqla birləşdirir. Başqa sözlə, Azərbaycan C6-ya sadəcə altıncı ölkə kimi daxil olmur.
Bakı bu mexanizmə Xəzərdən Avropaya uzanan daha təhlükəsiz, daha gəlirli və daha çevik bağlantı imkanlarını gətirir”.Deputatın sözlərinə görə, həmçinin nəzərə almaq lazımdır ki, C6 formatının digər mühüm ölçüsü Xəzərdir: “Uzun müddət Xəzər dənizi region dövlətləri arasında coğrafi ayrıcı kimi qəbul edilsə də, son illərdə bu yanaşma tədricən dəyişir. Xəzər artıq Mərkəzi Asiya ilə Azərbaycanı ayıran su hövzəsindən daha çox, onları birləşdirən strateji məkan funksiyasını yerinə yetirir. Bu transformasiyanın arxasında nəqliyyat, enerji və ticarət maraqları dayanır. Mərkəzi Asiyanın Avropa ilə əlaqələrinin genişlənməsi üçün Xəzərin qərb sahilində Azərbaycan mühüm qapıdır. Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları və digər logistika imkanlarının inkişaf etdirilməsi isə bu qapının funksional imkanlarını genişləndirir.
Nəticədə Bakı ilə Mərkəzi Asiya arasında münasibətlərdə “dənizin o tayındakı tərəfdaş” anlayışı getdikcə öz yerini “vahid nəqliyyat və iqtisadi məkanın iştirakçısı” anlayışına verir. Şübhəsiz ki, energetika da Azərbaycanın regional nüfuzunun artmasında mühüm amildir. Azərbaycan uzun müddətdir Avropanın enerji təhlükəsizliyində iştirak edən ölkə kimi çıxış edir. Lakin yeni mərhələdə Azərbaycanın enerji siyasətinin əhəmiyyəti yalnız öz resurslarının ixracı ilə məhdudlaşmır. Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılması məsələsində Xəzər üzərindən Azərbaycan marşrutunun əhəmiyyəti artır.
Bu isə Bakını enerji istehsalçısı olmaqla yanaşı, enerji axınlarının təşkilində strateji mövqeyə və imkanlara malik orta gücə çevirir. Bu baxımdan C6 formatı enerji əməkdaşlığının siyasi çərçivəsini də genişləndirə bilər. Çünki nəqliyyat və enerji məsələləri artıq bir-birindən ayrı deyil. Limanlar, dəmir yolları, boru kəmərləri, elektrik enerjisi bağlantıları və rəqəmsal kommunikasiya xətləri vahid regional bağlantı sisteminin elementləridir”.
E.Mirzəbəyli digər mühüm məqama da toxundu:
“Təbii ki, ölkəmizin artan nüfuzunu yalnız iqtisadi göstəricilərlə ölçmək də doğru olmaz. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında siyasi münasibətlərin dinamikası göstərir ki, Bakının regiondakı çəkisi həm də qarşılıqlı etimad üzərində qurulur. Türk dünyası çərçivəsində əməkdaşlığın genişlənməsi, Türk Dövlətləri Təşkilatının rolunun artması, qarşılıqlı səfərlərin intensivləşməsi və çoxtərəfli platformalarda siyasi koordinasiyanın güclənməsi bu prosesin mühüm elementləridir. Azərbaycanın bu günə qədər həyata keçirdiyi layihələr və çevik diplmatik səyləri Mərkəzi Asiyanı və Cənubi Qafqazı birləşdirən ölkə kimi Bakıya əlavə imkanlar yaradır. Azərbaycan nə Mərkəzi Asiyanın daxilində yerləşir, nə də özünü həmin regiondan kənarda təsəvvür edir. Əksinə, Bakı özünün tarixi, mədəni, siyasi və iqtisadi bağlarını nəzərə alaraq bu iki məkan arasında körpü funksiyasını getdikcə daha aydın şəkildə həyata keçirir”.

Milli Məclis üzvünün fikrincə, C6 formatının gündəliyində regional təhlükəsizlik və sabitliyin yer alması da təsadüfi deyil:
“Mərkəzi Asiya son illərdə geosiyasi rəqabətin intensivləşdiyi məkanlardan biridir. Əfqanıstan amili, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, enerji marşrutları, su ehtiyatları və transsərhəd problemləri region dövlətlərini daha sıx koordinasiyaya sövq edir. Azərbaycanın bu prosesə qoşulması isə təhlükəsizlik məsələlərinə Xəzər və Cənubi Qafqaz perspektivinin əlavə olunması deməkdir. Bu xüsusda Bakı özünün hərbi-siyasi potensialı ilə yanaşı, sabitlik yaradan aktor kimi mövqeyini gücləndirir. Azərbaycanın 2020-ci ildən sonrakı dövrdə regional təhlükəsizlik arxitekturasına təsir imkanlarının yüksələn xətt üzrə artması da bu bağlamda nəzərə alınmalıdır. Bütün bunların fonunda C6-nı Azərbaycanın xarici siyasətində ayrıca bir mərhələnin göstəricisi kimi qiymətləndirmək mümkündür.
Əgər əvvəlki mərhələdə Bakı Mərkəzi Asiya ölkələri ilə əsasən ikitərəfli münasibətləri və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirirdisə, indi proses daha yüksək – regional mexanizmin institusional iştirakı səviyyəsinə yüksəlir. Bu, Azərbaycanın diplomatik imkanlarının genişlənməsi ilə yanaşı, regional gündəliyin formalaşdırılmasında məsuliyyətinin də artması deməkdir.
Çünki tamhüquqlu iştirakçı olmaq həm də regional problemlərə münasibətdə mövqe ortaya qoymaq, təşəbbüslər irəli sürmək və qəbul edilən qərarların həyata keçirilməsinə töhfə vermək məsuliyyəti yaradır ki, Azərbaycanın ən müxtəlif təşkilatlarda iştirak təcrübəsi, üzv olduğu bütün təsisatların fəaliyyətində canlanma yaratmaq və nəticə əldə etmək bacarığı buna imkan verir. Məhz bu baxımdan Avazadakı sammit Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, yeni vəzifələr də açır”.
Deputat onu da bildirdi ki, Azərbaycanın strateji əhəmiyyəti artıq yalnız onun ərazisindən keçən yollarla ölçülmür:
“Ölkə regional proseslərdə siyasi təşəbbüslərin, iqtisadi layihələrin, enerji əməkdaşlığının və nəqliyyat bağlantılarının koordinasiya olunduğu mərkəzlərdən birinə çevrilib. Bu prosesin məntiqi nəticəsi kimi C5-in C6-ya çevrilməsi Mərkəzi Asiyanın qərbə, Azərbaycanın isə şərqə açılan strateji imkanlarının vahid platformada birləşməsidir. Ona görə də Avaza sammiti Azərbaycanın Mərkəzi Asiyada artan rolunun siyasi təsdiqi olmaqla yanaşı, Xəzərin hər iki sahilində formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi reallığın da göstəricisi kimi də qiymətləndirilə bilər. Bu reallığın mərkəzində isə sadə, gerçək və mühüm bir məntiq dayanır: Mərkəzi Asiyanın dünyaya çıxış imkanları Azərbaycanın regional bağlantı potensialını, Azərbaycanın qlobal və regional çəkisi isə Mərkəzi Asiyanın artan strateji əhəmiyyətini gücləndirir”.(Musavat.com)
Bizim.Media