Uzun illər müxtəlif xarici təsirlərə məruz qalmış insan qalıqlarının genetik identifikasiyası mürəkkəb proses olsa da, müasir metodlar və mütəxəssislərin yüksək hazırlığı bu çətinliklərin aradan qaldırılmasına imkan verir.
Bizim.Media xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada DTX-nin Hərbi Tibb Baş İdarəsinin Genetik Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Cəmilə Bayramova deyib.
O bildirib ki, mütəxəssislər əsasən uzun müddət müxtəlif təsirlərə məruz qalmış sümük nümunələri ilə işləyirlər. Zaman, torpağın xüsusiyyətləri, temperatur dəyişiklikləri və digər amillər DNT-nin deqradasiyasına səbəb olaraq tədqiqatı çətinləşdirir və xüsusi yanaşma tələb edir.
Cəmilə Bayramovanın sözlərinə görə, belə hallarda genetik analizlər, o cümlədən müasir DNT texnologiyalarından istifadə mühüm rol oynayır.
Referens nümunələrin əldə edilməsində yaranan çətinliklərə baxmayaraq, mütəxəssislər mövcud imkanlardan istifadə edərək identifikasiya prosesini davam etdirirlər.
Baş mütəxəssis vurğulayıb ki, əməkdaşların peşəkar hazırlığı, müasir elmi metodların tətbiqi və hər bir nümunəyə fərdi yanaşma mürəkkəb halların həllinə imkan verir. (Apa.az)
Bizim.Media