Tarix elə məqamlarla zəngindir ki, həmin günlər yalnız bir hadisəni deyil, bütöv bir siyasi mərhələni xarakterizə edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da Azərbaycanın siyasi həyatında məhz belə mühüm məqamlardan biri kimi yadda qalacaq. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə baş tutub.Prezident İlham Əliyevin özünün vurğuladığı kimi, YAP tarixində ilk dəfədir ki, qurultay bu cür bir reallıqda — ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra — toplanır.
Bu faktın özü qurultayın siyasi əhəmiyyətini müəyyənləşdirir. Çünki Yeni Azərbaycan Partiyasının tarixini Azərbaycanın son üç onillikdə keçdiyi ağır dövlətçilik yolundan ayırmaq mümkün deyil. Partiyanın 1992-ci ilin noyabrında Naxçıvanda təsis olunması təsadüfi bir hadisə olmayıb. Ölkə ciddi siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə üz-üzə qaldığı bir vaxtda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək siyasi təşkilatlanmanın əsasını qoydular. Prezident İlham Əliyevin öz sözləri ilə desək:"Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır."
Bu fikrin arxasında böyük bir tarixi məntiq dayanır. Dövlətçiliyin zəiflədiyi, idarəetmənin iflic vəziyyətinə düşdüyü, torpaqların bir-bir işğal edildiyi bir dövrdə siyasi sabitlik və milli həmrəylik ölkənin qarşısında duran ən ciddi məsələ idi. YAP-ın meydana çıxması məhz bu ehtiyacın nəticəsi oldu. Prezidentin çıxışında da qeyd olunduğu kimi, partiyanın yaradılması sadəcə siyasi təşəbbüs deyil, xalqın tələbi idi.
Bu tarixi kontekstdə Heydər Əliyev amilini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin siyasi təcrübəsi və dövlətçilik baxışı Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı saysız təhlükələr qarşısında həlledici rol oynadı. 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitliyin bərpası, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması istiqamətində yeni mərhələ başlandı.
Prezident İlham Əliyev bu irsi ifadə edərkən çox aydın bir tezis irəli sürür: "Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır". Bu xəttin əsas sütunları isə müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsidir.
Sonrakı proseslər göstərdi ki, dövlətçilik strategiyası yalnız siyasi sabitliyin qorunması ilə bitmir. Güclü dövlət üçün güclü iqtisadiyyat, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli təhlükəsizlik imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycanın 2003-cü ildən sonrakı inkişaf mərhələsində bu istiqamətlərin paralel şəkildə həyata keçirilməsi ölkənin qarşıya qoyduğu strateji məqsədlərə doğru irəliləməsini təmin etdi.
Bu yolun ən mühüm nəticəsi isə uzun illər Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifənin — ərazi bütövlüyünün və suverenliyin bərpasının — gerçəkləşməsi oldu. Prezidentin qurultayda xatırlatdığı kimi, 2003-cü ildə qarşıya qoyulan bu məqsədə nail olundu və Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi.
Bu baxımdan İkinci Qarabağ müharibəsindəki Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası təkcə hərbi nəticə deyil, uzunmüddətli dövlətçilik strategiyasının nəticəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, 8 Noyabr və 20 Sentyabr tarixləri Azərbaycanın müasir tarixində xüsusi yer tutur.
Bu gün isə Azərbaycanın qarşısında fərqli xarakterli vəzifələr dayanır. Zəfərdən sonra əsas iş əldə edilmiş siyasi və hərbi nəticələri davamlı iqtisadi, sosial və institusional inkişafla möhkəmləndirməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi potensialın artırılması, ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi — bunlar yeni mərhələnin əsas istiqamətləridir.
Prezidentin qurultaydakı çıxışında qarşıdakı vəzifələr sırasında hərbi gücün artırılması, təhlükəsizliyin qorunması, ideoloji risklərə qarşı dayanıqlığın gücləndirilməsi, xarici siyasətin müstəqil və fəal şəkildə davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi kimi məsələlərin xüsusi yer tutması da təsadüfi deyil. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda dövlətin öz təhlükəsizlik imkanlarını qoruması və müstəqil qərarvermə qabiliyyətini daha da möhkəmləndirməsi strateji əhəmiyyət daşıyır.
Burada siyasi təşkilatların üzərinə düşən məsuliyyət də artır. YAP-ın qarşısında duran vəzifə sadəcə keçmiş nailiyyətləri xatırlatmaq deyil. Prezidentin xüsusi vurğuladığı kimi, ideoloji işdə şablonlardan uzaqlaşmaq, yeni və müasir yanaşmalar qurmaq, Azərbaycan reallıqlarını cəmiyyətə daha dolğun şəkildə çatdırmaq lazımdır:"İdeoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb."
Bu, əslində, yeni dövrün siyasi kommunikasiya fəlsəfəsini də müəyyənləşdirir. Azərbaycanın keçdiyi yolun nəticələri və ölkədə həyata keçirilən proseslər cəmiyyətə yalnız şüarlarla deyil, faktlarla, real nəticələrlə və müasir kommunikasiya vasitələri ilə çatdırılmalıdır. Xüsusilə gənc nəslin tarixi hadisələr barədə obyektiv məlumatlandırılması, dövlətçilik düşüncəsinin gücləndirilməsi və milli həmrəyliyin qorunması mühüm vəzifədir.
Azərbaycanın xarici siyasət xətti də yeni mərhələnin dayaqlarından biridir. Ölkənin müxtəlif güc mərkəzləri ilə balanslı, qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurması, beynəlxalq təşkilatlarda fəallığının artması və yeni əməkdaşlıq formatlarında iştirakı Azərbaycanın regional və beynəlxalq çəkisinin yüksəldiyini göstərən amillərdəndir. Prezidentin sözləri ilə desək:"xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin."
Bütün bunların fonunda YAP-ın VIII Qurultayının əsas mesajlarından biri də siyasi varislik və yeni çağırışlara uyğunlaşma məsələsidir. Tarixi təcrübə göstərir ki, dövlətçilik xəttinin davamlılığı yalnız keçmişə sadiqliklə deyil, dəyişən şəraitə uyğun yeni hədəflər müəyyənləşdirməklə təmin olunur.
Bu gün Azərbaycanın qarşısında Zəfərin nəticələrini möhkəmləndirmək, güclü iqtisadiyyat qurmaq, insan kapitalını inkişaf etdirmək, regionların potensialını daha səmərəli reallaşdırmaq və beynəlxalq mövqeləri daha da gücləndirmək kimi ciddi vəzifələr dayanır. YAP da öz fəaliyyətini məhz bu yeni reallıqları nəzərə alaraq qurmalıdır.
Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər bu baxımdan həm keçmişə verilən qiymət, həm də gələcəyə baxışdır.Azərbaycanın qarşısında yeni tarixi vəzifələr dayanır və bu vəzifələrin həyata keçirilməsi siyasi sabitlik, milli həmrəylik, dövlətçilik düşüncəsi və strateji ardıcıllıq tələb edir.
Bu gün əsas məsələ qazanılan Zəfərin tarixdə qalması deyil, onun açdığı imkanların gələcəyin güclü Azərbaycanına çevrilməsidir.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor