Ukrayna və Azərbaycan Rusiya hücumları nəticəsində zərər görmüş Ukrayna energetika infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O, Kiyevdə Azərbaycan Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşün yekunlarına dair fikirlərini yazıb. Görüşdə həmçinin parlamentin digər deputatı Erkin Qədirli də iştirak edib.
"Azərbaycan şirkətlərinin Rusiya hücumları nəticəsində zədələnmiş Ukrayna energetika infrastrukturunun bərpasında iştirakını müzakirə etdik. Biz birgə layihələrin reallaşdırılmasına hər cür köməklik göstərməyə hazırıq", - deyə Şmıqal qeyd edib.
Ukraynalı nazirin sözlərinə görə, tərəflər həmçinin energetika sahəsi də daxil olmaqla, ikitərəfli razılaşmaların icrası məsələlərinə baxıblar.
D.Şmıqal Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə transformatorlar qismində avadanlıqların tədarükünə görə Azərbaycana təşəkkürünü bildirib.
O vurğulayıb ki, bu yardımlar Ukrayna enerji sisteminin dayanıqlılığının artırılmasına ciddi kömək edir.
Bundan əlavə, Şmıqal Kiyev və Bakının müharibədə həlak olmuş ukraynalı energetiklərin övladlarının Azərbaycanda reabilitasiya olunmasını nəzərdə tutan humanitar təşəbbüs üzərində işlədiyini də xüsusi qeyd edib.
Bizim.Media