1985-ci ildə sovet adamlarına SSRİ-nin dağılacağı yuxu kimi gələrdi. Amma dünyanın beyin mərkəzləri, strateji institutlar bu prosesin tezliklə baş verəcəyini proqnozlaşdırırdılar və gizli şəkildə olsa da ölkədə lazım olan yerlərə, şəxslərə çatdırırdılar. Ermənilərin informasiya mənbələri hər zaman olduğu kimi yaxşı işləyirdi və SSRİ-nin yaxın gələcəyi barədə məlumatlar yerlərdəki adamlara ötürülürdü. Hələ Qarabağ hadisələrinin başlamasına 3 il qalanda Zori Balayan çoxdan hazırladığı “Ocaq” kitabını çap etdirdi və Qarabağa iddialarını açıq şəkildə ortaya qoydu. Sonra akademik Ambarsumyan Dağlıq Qarabağın Ermənistana birləşməsini Parisdə bəyan etdi. Niyə keçmişi yada salırıq? Ermənilər siyasi iyi tez duyandılar, indi də Rusiyadan bu qədər asılı olmaqlarına baxmayaraq, bir qədər ehtiyatla olsa da üzlərini Qərbə doğru tutublar və postrusiya dövrünə hazırlaşırlar.
xa0
Üzümüzə gələn ayda Rusiyanı daha altı sanksiya gözləyir. Rusiyanı çox çətin dövr gözləyir. Krım və Donbasa görə, Maqnitski aktı üçün, Skripalların zəhərlənməsi, İran, Suriyada kimyəvi paket və “Kiber paket”ə görə. İndi informasiya almaq problem deyil, SSRİ zamanında da sanksiyalar tətbiq olunurmuş, sadəcə bizim məlumatlarımız olmurdu. Elə SSRİ-ni çökürdən faktorlardan biri də sanksiyalar olub. Ermənilər Rusiyanın bütün Cənubi Qafqazda yeganə təzyiq vasitəsinin Qarabağ olduğunu bilirlər, ona görə də arxayın Rusiyanı söyürlər. Rusiyanın Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etməyəcəyini bilirlər və Rusiyadan tədricən uzaqlaşırlar. Rusiyadan hələ qurtulmamış Qərb artıq qucağını Ermənistana açıb.xa0
xa0
Tarixdən dərs almaq lazımdır. SSRİ-nin saxlanmasına etiraz edən ermənilərdən fərqli olaraq bizim o vaxt ki rəhbərlik referenduma “hə” dedi, amma ruslar yenə də Qarabağı erməniyə verdi.xa0
Bu gün də dünya perspektiv qlobal dəyişikliklər ərəfəsindədir. Bu ərəfədə şəxslər yox, dəyərlər qalib gələcək. Rusiya siyasətinin son on ildə dünyanı gərginliyə salmasına tədricən son veriləcək. Bu siyasətin başında duranın da siyasi olmasa da fiziki ömrü sona çatanda siyasət də bitəcək, çünki bir şəxsin, lap elə bir ölkənin marağı bəşəriyyəti müharibə həddinə, öz ölkəsinin vətəndaşlarını da ağır iqtisadi duruma, təcrid olunanlar sırasına çatdırırsa, bu siyasət bitəcək. Ermənilər bunu görür, ermənilərə dünyadan mesajlar verilir, ona görə də bir əllə yox, artıq iki əllə üzünü Qərbə tərəf tutur. Rusiya aylardır ki, bunun şahididir. Hansı təzyiqi göstərir?xa0
xa0
Bu gün siyasi mərkəzlər Ermənistanın yeni rəhbərliyinə qarşı Qarabağ cəbhəsində təzyiq göstərməməyi aramsız Azərbaycana tövsiyyə edirlər. Bizə nə vəd edildiyi isə, ümumiyyətlə məlum deyil. Hələ Rusiyanın qoşunları Ermənistandadır, amma Qərb artıq indidən onu müdafiə edir. Sabah Rusiya zəifləyəndə (bu mütləq baş verəcək) Ermənistandan çox Qərb özü bu ölkəni tam çətiri altına alıb, Azərbaycanı bu dəfə ikili standartlarla deyil, birmənalı olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Ermənistan Rusiyadan ayrılacaq, amma istəyi Qarabağla bir yerdə ayrılmaqdır. Düşmən ölkədə yaranmış yeni siyasi situasiyaya adekvat siyasət aparmalıyıq. Düşmənin güvənc bildiyi yerlərdə yerimizi bəri başdan möhkəmlətməliyik.
xa0
Bu yaxınlarda Azərbaycanda beş günlük səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın məşhur bir sözü var. ”Biz dünyada ən güclü silaha malikik. Bu silahın adı İsrail xalqıdır”. Qarabağ probleminin həll olunmasında Azərbaycanın da ən böyük dayağı, silahı, ümidi xalqımızdır.xa0 Dövlət və xalq birliyi, vətəndaş həmrəyliyi Qarabağın azad edilməsinin açarıdır. Bu birliyi dünyaya nümayiş etdirməyin bütün yollarına baş vurulmalıdır.xa0
Moderator.az-ın analitik qrupu