Rusiya Baş nazirinin müavini Aleksandr Novak 40 min tonluq ilk dizel tankerinin oktyabrın 22-də ABŞ-a yola düşəcəyini açıqlayıb. Şirkətin amerikalı tərəfdaşlarla müqavilə imzalamaq mərhələsində olduğu və Rusiyanın təcili olaraq 300 min ton, noyabrda 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağı verməyə hazır olduğu bildirilir.
Bizim.Media xəbər verir ki, Rusiya tərəfi iki ölkə liderinin razılaşmasına əsasən ABŞ-ın tələbatını imkan daxilində qarşılayacağını bildirib.
Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk bu həcmin simvolik olduğunu vurğulayıb:
“40 min ton dizel təxminən 300 min barelə bərabərdir. ABŞ gün ərzində təxminən 4 milyon barel dizel yanacağı istehlak edir. Yəni bu tanker ABŞ-ın cəmi 2 saatlıq tələbatını ödəyir. ABŞ özü gündəlik 1,5 milyon barel dizel ixrac edir. Yəni gələn tanker ABŞ-ın 4,5 saatlıq ixracına bərabərdir”.
Yanacağın Ust-Luqa limanından ABŞ terminallarına çatdırılması 2,5–3 həftə çəkir. Vlasyuk qeyd edib ki, tanker çatanadək ABŞ gətirilən həcmdən 100 dəfə çox (4 milyon ton) öz dizelini xaricə satacaq.
Bizim.Media