Revanşistlər Kremlin Ermənistan baş nazirini hakimiyyətdən uzaqlaşdırmaq istədiyini iddia edirdilər, indi isə Putinlə Paşinyanın səmimi görüntüsünə başqa məna yükləyirlər – bu sığal sabah kürəyə saplanan bıçağa çevrilə bilərmi?
Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanın kürəyinə mehribancasına vurduğu sığal Ermənistanın siyasi gündəmində müzakirə mövzusuna çevrilib.
Xüsusilə Paşinyan hakimiyyətinə qarşı çıxan revanşist düşərgənin bu görüntüyə münasibəti diqqət çəkir.
Çünki indiyədək həmin siyasi çevrələrdə Moskvanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istədiyi barədə fikirlər səsləndirilir, Rusiya ilə Ermənistan rəhbərliyi arasındakı münasibətlər gərginlik prizmasından təqdim olunurdu.
İndi isə Putinlə Paşinyanın qeyri-rəsmi, səmimi görünən davranışı fərqli yozumlara yol açıb. Bir tərəfdən, bu görüntü Moskva ilə İrəvan arasında münasibətlərin tam qopmadığını göstərən işarə kimi qiymətləndirilə bilər. Digər tərəfdən, siyasi müşahidəçilərin fikrincə, dövlət başçılarının şəxsi davranışlarından strateji təminat və ya siyasi sədaqət nəticəsi çıxarmaq doğru deyil.
Bizim.Media xəbər verir ki, Aravot.am nəşrində dərc olunan siyasi şərhdə bu məqama xüsusi diqqət yetirilir.
Müəllif Akop Badalyan Putinin Paşinyanın kürəyinə mehribancasına vurduğu sığalın iki lider arasında münasibətlərin səmimiliyini təsdiqləyən «notarial möhür» olmadığını yazır. Onun fikrincə, bu gün kürəyə sığal çəkən siyasətçi sabah həmin kürəyə bıçaq da saplaya bilər.
Bu yanaşma Ermənistanın daxili siyasi mübarizəsi baxımından da diqqətəlayiqdir. Çünki Putinlə Paşinyan arasındakı münasibətlərin xarakteri təkcə diplomatik əlaqələr məsələsi deyil, həm də Ermənistan daxilində hakimiyyət uğrunda mübarizənin təbliğat alətinə çevrilib. Ancaq bir foto nə Moskvanın Paşinyana qeyd-şərtsiz dəstəyini sübut edir, nə də Kremlin onu hakimiyyətdən uzaqlaşdırmaq planı barədə iddiaları avtomatik təkzib edir.
Badalyanın əsas tezisi budur ki, Ermənistan kimi dövlətlər üçün böyük geosiyasi güclərin liderləri ilə şəxsi münasibətlərə arxalanmaq təhlükəli siyasi yanaşmadır. Onun fikrincə, bu qayda yalnız Rusiya prezidentinə deyil, bütün böyük güc mərkəzlərinin rəhbərlərinə aiddir. Müəllif hesab edir ki, belə liderlər şəxsi simpatiya və münasibətlərdən daha çox, təmsil etdikləri dövlətin maraqlarını, üzərlərinə götürdükləri öhdəlikləri və qlobal məsuliyyəti nəzərə alırlar. Buna görə də hansısa liderlə yaxın münasibətlərlə öyünmək və bu yaxınlıq üzərində siyasi hesablamalar qurmaq siyasi savadsızlığın əlaməti ola bilər.
Şərhdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vaxtilə Vladimir Putinlə münasibətlərindəki «kimya» barədə dediklərinə də dolayı işarə edilir.
Badalyanın yanaşmasına görə, şəxsi münasibətlərdəki yaxınlıq da siyasi təminat rolunu oynamır. Başqa sözlə, dünənki dostluq bu gün dövlət maraqlarının toqquşması qarşısında heç bir zəmanət verməyə bilər. Müəllifin gəldiyi nəticə isə daha geniş siyasi məna daşıyır: Ermənistanın təhlükəsizliyi və siyasi gələcəyi böyük dövlətlərin liderləri ilə şəxsi münasibətlərdən asılı vəziyyətə salınmamalıdır. Hakimiyyət uğrunda mübarizənin "həyat və ölüm" dilemmasına çevrilməməsi, ölkənin beynəlxalq siyasətdə manevr imkanlarını qoruması vacibdir.
Putinlə Paşinyanın fotosu ətrafında yaranan müzakirələr Ermənistan siyasətində bir-birinə zidd iki yanaşmanı üzə çıxarır.
Ermənistan üçün isə əsas məsələ Putinin Paşinyanın kürəyinə necə toxunması deyil, Moskva ilə münasibətlərdə hansı real siyasi öhdəliklərin mövcud olması və İrəvanın öz milli maraqlarını nə dərəcədə müstəqil müdafiə edə bilməsidir. (Musavat.com)

Bizim.Media