Ukraynanın istefa verən müdafiə naziri Mixailo Fedorov ölkənin Ali Baş komandanı Oleksandr Sırskinin tarixi xidmətlərini yüksək qiymətləndirib, eyni zamanda müharibənin tamamilə fərqli bir mərhələyə qədəm qoyduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Fedorov Sırskinin münaqişənin taleyindəki rolunu xüsusi vurğulayaraq onun peşəkarlığına diqqət çəkib:
"Sırski 2022-ci ildə ölkəmizi xilas etdi. O, Kiyev, Xarkov və Xerson əməliyyatlarında birbaşa iştirak edib və bu proseslərə rəhbərlik edib. Belə bir komandanın hərbi bacarığını və xidmətlərini heç bir halda kiçiltmək olmaz."
Bununla belə, ukraynalı sabiq nazir döyüş meydanındakı reallıqların artıq əvvəlki kimi olmadığını və köhnə zəfərlərin taktikalarına sığınmağın təhlükəli olduğunu bildirib. O, müasir müharibənin görünməmiş sürətlə rəqəmsallaşdığını və texnoloji olaraq yeniləndiyini qeyd edib:
"Lakin reallıq budur ki, müharibə artıq tamamilə dəyişib. Məsələn, döyüşlərdə istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) daxili arxitekturası və proqram təminatı ildə minimum dörd dəfə yenilənir. Ümumilikdə isə hərbi texnologiyalar sahəsində hər il 20-30 yeni element və dəyişiklik baş verir. Biz də bu sürətlə dəyişməliyik. Vaxtilə işimizə yaramış və bizi xilas etmiş köhnə metodlara güvənərək yerimizdə saya bilmərik. Müasir müharibənin şərtlərinə dərhal uyğunlaşmalıyıq".
Xatırladaq ki, Ukraynanın müdafiə naziri Mixail Fyodorov dünən vəzifəsindən istefa verdiyini rəsmən elan edib. Ukrayna KİV-in yazdığına görə, nazirin gedişinin əsas səbəbi Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə sistemli fikir ayrılıqları və koordinasiya problemləridir.
Bizim.Media