Ötən gecə həm Rusiya, həm də Ukrayna ərazilərinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin bir sıra regionları, habelə Azov və Qara dəniz akvatoriyaları üzərində 93 PUA-nın vurulduğunu açıqlayıb.
Hücumlar əsasən Belqorod, Bryansk, Kursk, Rostov vilayətləri, eləcə də Moskva regionu və Krasnodar diyarına yönəlib.
Nazirlik həmçinin Ukrayna limanlarına endirilən zərbələr nəticəsində Çernomorsk və Dnepr-Buq limanlarında Ukrayna Silahlı Qüvvələrinin (USQ) maraqlarına xidmət edən dörd gəminin, həmçinin Odessa və Çernomorskdakı yanacaq-sürtkü materialları anbarlarının və PUA istehsalı sexlərinin məhv edildiyini iddia edib.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ölkəyə 2 ədəd X-59/69 idarə olunan aviasiya raketi və 122 ədəd müxtəlif tipli zərbə PUA-sı ilə hücum etdiyini bildirib. Hava Hücumundan Müdafiə qüvvələri ölkənin şimal, cənub və şərqində 101 PUA-nı zərərsizləşdirib.
İlkin məlumatlara görə, raketlər və 18 zərbə PUA-sı 19 müxtəlif məkana düşüb, 7 yerdə isə PUA qalıqları qeydə alınıb.
Ukrayna tərəfi hələ də hava məkanında Rusiya PUA-larının olduğunu bildirərək, əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb və Odessa vilayətinə təkrar aviasiya zərbələrinin endirildiyini qeyd edib.
Bizim.Media