Bu gün Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsinin 100 ili tamam olur.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, 1926-cı il iyulun 6-da Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti istifadəyə verilərək ölkənin nəqliyyat tarixində yeni mərhələnin əsasını qoyub.
Həmin dövrdə inşa edilən Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı qısa müddətdə mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Bu, nəinki Azərbaycanda, bütün keçmiş Sovet İttifaqında elektrikləşdirilən ilk dəmir yolları idi.
Məlumata görə, elektrikləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti vasitəsilə minlərlə sərnişin, o cümlədən neftçilər və sənaye işçiləri Bakıətrafı yaşayış məntəqələrinə və digər istiqamətlərə daha sürətli və rahat şəkildə səfər ediblər.
ADY vurğulayıb ki, bir əsrlik zəngin dəmir yolu irsi bu gün müasir və dayanıqlı dəmir yolu infrastrukturu ilə davam etdirilir və gələcək nəsillərə ötürülür.
Bizim.Media