Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 1,7%, 2027-ci ildə isə 2,3% artacağını proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Fondun hesabatında bildirilir.
Hesabata əsasən, BVF may ayında açıqladığı proqnozlarla müqayisədə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı üzrə gözləntilərini 2026-cı il üçün 0,5 faiz bəndi, 2027-ci il üçün isə 0,2 faiz bəndi azaldıb.
Beləliklə, Fond 2026–2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempini 2% səviyyəsində qiymətləndirir.
BVF Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,8%, 2027-ci ildə isə 5,6% təşkil edəcəyini gözləyir.
Əvvəlki proqnozlarla müqayisədə 2026-cı il üzrə inflyasiya gözləntisi 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə 1,4 faiz bəndi artırılıb. Fond may ayında Azərbaycanda inflyasiyanın müvafiq olaraq 6% və 4,2% olacağını proqnozlaşdırırdı.
Hesabatda əmək bazarına dair proqnozlar da yer alıb. BVF-nin qiymətləndirməsinə görə, Azərbaycanda işsizlik səviyyəsi 2026-cı ildə 5,3% təşkil edəcək ki, bu da 2025-ci ilin göstəricisinə uyğundur. 2027-ci ildə isə işsizliyin 5,2%-ə enəcəyi gözlənilir. (Apa.az)
Bizim.Media